Logo

DİM MIT MicroMaster proqramında iştirak istəyən namizədlər üçün tеst imtаhаnı keçirəcək

24.11.2021 14:58 602 baxış
IMG

“SOCAR Midstream Operations” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən maliyyələşdirilən Massaçusets Texnologiya İnstitutu (MİT) “Data, iqtisadiyyat və inkişaf siyasəti” mikromaster proqramında iştirak etmək üçün keçirilən test imtahanı 2021-ci il 28 noyabr tarixində saat 11:00-da Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında, “8 Noyabr” metrostansiyasının yaxınlığında yerləşən inzibati binasında başlanır.

İmtahanda iştirak edəcək şəxslər saat 10:00-dan gec olmayaraq şəxsiyyəti təsdiq edən sənəd və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahana 2 saat vaxt ayrılır. İmtahan başlandıqdan sonra gələn namizədlər imtahana buraxılmırlar.

Namizədlərə imtahanda 30 riyaziyyat (25 qapalı və 5 açıq tipli), 30 ingilis dili (30 qapalı tipli) olmaqla, ümumilikdə 60 test tapşırığı təqdim olunacaq.

Riyaziyyat üzrə test tapşırıqları Azərbaycan dilində olacaq və aşağıdakı mövzuları əhatə edəcək:

1.    Silsilələr - 5 sual;

2.    İbtidai funksiya və inteqral - 5 sual;

3.    Törəmə və onun tətbiqləri - 10 sual;

4.    Funksiyalar və qrafiklər, koordinatlar üsulu - 10 sual.

İngilis dili üzrə test tapşırıqları aşağıdakıları əhatə edəcək:

1.    Dinləyib-anlamaya dair 1-ci mətn (monoloq) - 5 sual;

2.    Dinləyib-anlamaya dair 2-ci mətn (monoloq) - 5 sual;

3.    Dinləyib-anlamaya dair 3-cü mətn (dialoq) - 5 sual;

4.    Oxuyub-anlamaya dair 1-ci mətn (publisistik) - 5 sual;

5.    Oxuyub-anlamaya dair 2-ci mətn (publisistik) - 10 sual.

Qeyd edək ki, COVID-19 virusu ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olarkən məsafədən ölçə bilən elektron termometrlə Sizin bədən hərarətiniz yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır.

İmtahan iştirakçılarının İmtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidir. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İmtahan iştirakçılarından “Yaddaş kitabçası” ilə tanış olmaları, imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edib imzalanmış şəkildə gətirmələri tələb olunur.

Xəbər lenti