Logo

Məktəblərə verilən oduncağın həcmi və qiyməti nə qədərdir?

24.11.2021 14:28 596 baxış
IMG

Mavi və dizel yanacağı və ya mərkəzləşmiş qazanxana sistemi ilə isidilməyən məktəblər oduncaqla təmin edilməlidir. Belə məktəblərin odunla təmin edilməsi yerli Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin vəzifəsidir. Bu mərkəzlərdə ictimaiyyət üçün hesabatlılıq anlayışı mövcud deyil. Ümumiyyətlə Təhsil Nazirliyinin heç bir resursunda bu barədə məlumatlar tapmaq mümkün deyil. Bəzi məlumatları isə yalnız https://etender.gov.az/ rəsmi saytından əldə etmək mümkündür. Burada da əsas problem odur ki, sözügedən mərkəzlərin çoxu burada məlumatları ya natamam verirlər, ya da ümumiyyətlə vermirlər. Sayt üzərindən kiçik bir araşdırma apardıq, dəhşətli mənzərə ilə üzləşdik.

ƏMHM-lərin bir çoxu sayt üzərindən tender elanı və müsabiqə barədə bölmələri natamam doldursalar da, satınalma müqaviləsi barədə ümumiyyətlə məlumat belə verməmişlər. Bir neçə ƏMHM yalnız oduncağa ayrılan vəsaitləri və ya onun həcmi barədə ümumi məlumat verməklə kifayətlənmişlər. Oduncağın çatdırılması yeri kimi bəziləri RTŞ binalarını, bəziləri isə hətta ƏMHM-in yerləşdiyi yeri ünvan kimi göstərmişlər. Hətta yanacağın doğranması və daşınması kimi öhdəçiliyi belə təminatçı təşkilatın üzərinə qoymayan, onun çatdırılması müddətini qış daxil olandan sonra qeyd edən mərkzələr belə mövcuddur. Oduncağın dəyəri üçün bir kubmetr oduna hətta 90 manat qiymət müəyyən edən mərkəzlər belə mövcuddur.

Astara şəhərində yerləşən 15 saylı ƏMHM istisna olmaqla heç bir ƏMHM məktəblərin oduncaqla təminatı barədə dolğun informasiya verməmiş və müqavilələri düzgün və tam bağlamamışlar. Bu mərkəz 2020-ci və 2021-ci il üzrə hər rayon üçün ayrılıqda tender elan etmiş, rayonlar üzrə oduncağın həcmi və qiyməti barədə bütün məlumatları sayta yerləşdirmişdir. Belə ki, onlar müqavilədə oduncağın doğranmasını, daşınmasını və məktəbə çatdırılması ilə birgə onun bir kubmetrinə görə 55-60 manat (Bölgədə bir kubmetr oduncaq 3 paqon metr odun kimi satılır) qiymət müəyyən etmişlər. Onların müəyyən etdiyi qiymət hazırda bölgədə odunun real satış dəyərindən belə ucuzdur. Ən əsası isə onlar oduncağın məktəblərə çatdırılmasının sentyabr ayı ərzində başa çatdırılmasını müqavilədə xüsusi qeyd etmişlər ki, bu da oduncağın qış mövsümünə qədər qurumasına və ya yağışlı vaxtlarda yaş olmamasına səbəb olur. Həm də verilən oduncağın həcmi qış mövsümünün sonuna qədər çatacaq real rəqəmləri özündə etiva edir. Bu hər məktəbə orta hesabla azı 100 paqon metrdən çox odunun verilməsi deməkdir.

Təəssüf ki, ölkədəki digər Ərazi Maliyyə Hesablaşma Mərkəzləri məktəblərin oduncaqla təminatının rəsmiləşdirilməsinə gec başlamış, müqavilədə onun doğranması və çatdırılmasını şərt kimi irəli sürməmiş, oduncağın çatdrırılma məkanı kimi məktəbi göstərməmiş, onun verilməsi qrafikini uzatmış, oduncağın qiymətini baha göstərmiş və onu normadan az vermişlər. Bütün bunlar hələ də bir-sıra kənd rayonlarındakı məktəblərdə oduncağın olmaması, bunun nəticəsində isə davamiyyətin aşağı düşməsi kimi hallara gətirib çıxartmışdır.

Rabil ABDİNOV

Xəbər lenti