Logo

Prezident təqaüdçüsü: “Buradakı mühit və tələbələrə olan münasibət fərqlidir”

24.11.2021 09:56 774 baxış
IMG

Fatimə Əhmədzadə 2004-cü ildə Bakıda doğulub. Ağcabədi şəhər Ə. Alıyev adına 12 nömrəli tam orta məktəbin məzunudur. O, 678.8 balla Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olunub. Prezident təqaüdçüsüdür.

- Bakı Ali Neft Məktəbində təhsil almaq istəyiniz necə yarandı?
- Sosial şəbəkələrdə bu ali təhsil müəssisəsi haqqında məlumatlara, rəylərə çox rast gəlirdim. Bilirdim ki, bura yalnız yüksək nəticələr göstərən, yuxarı bal toplayan abituriyentlər daxil olur. Tanışlarım arasında BANM-ı bitirib təhsilini xaricdə davam etdirən uğurlu məzunlar da var. Sonra özüm sosial şəbəkələr vasitəsilə BANM-də təhsil alan bir neçə tələbə ilə danışdım və hamısı bura haqqında ancaq yaxşı fikirlər söylədilər. Sadəcə olaraq təhsilin, dərslərin çətin olduğunu bildirirdilər. BANM-də tədrisin yüksək səviyyədə olduğunu, təhsil alan tələbələrin nailiyyətləri, buradakı imkanlar, təcrübələr haqqında məlumatlar əldə etdim. Buranı bitirən tələbələrin xaricdə təhsilini davam etdirdiklərini, bir çox nüfuzlu şirkətlərdə işlədiklərini öyrəndim. Həmçinin müasir dövrün ən çox tələb olunan iki istiqaməti- ingilis dili və kompüter üzrə burada mükəmməl səviyyədə tədris həyata keçirildiyi barədə məlumat aldım. Təbii ki, bu qədər üstün göstəricilərinə görə mən BANM-də təhsil almağı qarşıma məqsəd qoydum və böyük səylə çalışdım.  
 
- Qəbul imtahanlarına necə hazırlaşırdınız?
- Hər gün yuxudan oyandıqda ilk növbədə BANM-ə daxil olmaq üçün nə etməliyəmsə, onları düşünürdüm və əlimdən gələn hər şeyi edirdim. Bir dərsi əzbərləməkdən çox onu mənimsəməyə çalışırdım. Riyazi fənlərə olan marağım I ixtisas qrupu üzrə hazırlaşmağıma səbəb oldu. 11 il ərzində daima yüksək səviyyədə çalışaraq yaxşı nəticələr əldə etməyə çalışırdım. Məktəbi yuxarı göstəricilərlə bitirdim. Təhsilə ayırdığım vaxtla əlaqədar olaraq, bir çox əlavə fəaliyyətlərə vaxtım olmurdu. Əlavə olaraq yalnız üzgüçülüklə məşğul oluram. Riyazi fənlərlə məşğul olmaq həm də mənim hobbimdir. Ailəmizdə təhsil birinci növbədə gəldiyi üçün başqa şeylərə vaxt itkisi olmaması üçün təhsilə yönəlmişik. Bizim ailədə qız üçün təhsilin nə qədər qədər dəyərli olduğu həmişə vurğulanır, mənim təhsilimə, gələcəyimə çox önəm verilir. Daim uğurlu olmaq üçün ailəm hər zaman məni dəstəkləyir.
 
- Yüksək bal toplamaq, Prezident təqaüdçüsü olmaq istəyən abituriyentlərə nə məsləhət görürsünüz?
- İlk növbədə, bilik səviyyələri, qabiliyyətləri, həmçinin istəklərinə uyğun ixtisas və qrup seçməlidirlər və bu istiqamətdə irəliləməlidirlər. Sonra hansı ali məktəbdə təhsil almaq istədiklərini qarşılarına məqsəd qoymalıdırlar. Bu onların hər gün həmin  məqsədi xatırlayaraq onun uğrunda mübarizə aparmağa, çalışmalarına stimul verəcək. Mən Prezident təqaüdçüsü olacağıma əmin deyildim. Lakin balım məlum olduqdan sonra güman etdim ki, Prezident təqaüdünə layiq olmaq şansım çoxdur. Prezident təqaüdçüsü olduğumu öyrənəndə sevincimdən havalara uçurdum. Yaxınlarımın sevincini görmək mənim üçün böyük qürur hissi id. Bu, bütün əziyyətlərimə bədəl oldu. Onların mənimlə duyduğu qürur mənə hər zaman motivasiya, stimul verir.
 
- Bir aydan çoxdur ki, dərslər başlayıb. Təəssüratınız necədir?
- Rəhbərlik başda olmaqla, buradakı işçi heyətindən tutmuş, tələbə, professor-müəllim heyəti arasındakı səmimiyyət, tələbələrə olan münasibət çox xoşuma gəlir. Hər kəs bir-birinə sanki illərdir tanıyırmış kimi davranır. Dərslərin nə qədər çətin olduğunu yalnız burada təhsil alanlar bilər, təsəvvür etdiyimdən də çox çətindir. Lakin fikirləşirəm ki, hazırda çəkdiyimiz bütün əziyyətlər, çətinliklər növbəti illərdə bizə böyük mənfəət, avantaj qazandıracaq. Təhsil, müəllimlərimizin bizə qayğısı, səmimi davranışları yüksək səviyyədədir. Müəllimlərimiz bizə o qədər səmimi davranırlar ki, bu, bizə bütün çətinliklərin öhdəsindən gəlməyə güc verir. Rektor şəxsən hər tələbə ilə ayrı-ayrılıqda maraqlanır, tanıyır, onlara qayğı göstərir.
 
- Gələcək hədəflərinizi müəyyən etmisiniz?
- İlk növbədə, BANM-dən uğurlu tələbə kimi məzun olmaq istəyirəm. Buradan əldə edəcəyim yüksək nəticə gələcəyimə çox böyük təsir edəcək. Təhsilimi xaricdə davam etdirmək niyyətindəyəm. Burada bizə öyrədilən ingilis dili və kompüter bizim gələcəkdə xarici ölkədə təhsilimizi davam etdirməyimizi daha avantajlı edir. Sonra isə öz ixtisasım üzrə yüksək səviyyəli peşəkar olmaq arzusundayam.

Xəbər lenti