Logo

Şagirdlərin ev tapşırığı yükü - Nazirliyin qaydalarına müəllimlər niyə əməl etmir?

17.11.2021 11:55 1601 baxış
IMG

Bu gün təhsil sahəsində mövcud olan əsas problemlərdən biri də dərs proqramının ağırlığı və ​ şagirdlərin həddən çox ev tapşırığı ilə yüklənməsindir.

 

Aparılan tədqiqatlar göstərir ki, ev tapşırıqlarının çoxluğu şagirdlərin növbəti mərhələlərdə təhsil nailiyyətlərinə müsbət təsir etmir. Əksinə, şagirdlərin həddindən artıq ev tapşırığı ilə yüklənməsi onları təhsildən, məktəbdən uzaqlaşdırır. Şagirdlərin dərs yükünün ağırlığı, onlara verilən ev tapşırıqlarının çoxluğu valideynləri də çox narahat edir. Valideynlər deyir ki, övladları dərsdən sonrakı vaxtlarının çox hissəsini ev tapşırıqlarının həllinə sərf edirlər. Nəticədə yorulur və ​ asudə vaxt keçirə bilməirlər.

 

Valideyn Aytac Səmədova Bakupost.az -a deyib ki, övladı ev tapşırıqları ilə o qədər yüklənir ki, məktəbdən qayıdan kimi yeməyini yeyib dincəlmədən tapşırıqları hazırlamağa başlayır. Axşam saat 9-da kimi isə ancaq yekunlaşdırır:

“Uşaq dərs oxumalıdır. Ancaq bütün günü yox. Bu yazıq uşağ istirahət də etməlidir, öz həmyaşıdları ilə oynamalıdır da. Amma təssüf ki, bunları etməyə imkanı, vaxtı yuxdur. Uşaq öz uşaqlıq dövrünü yaşamağa vaxt tapa bilmir. Dərs yükü o qədər ağır, ev tapşırıqları isə həddindən artıq çoxdur. Uşaq bu yükü qaldıra bilmir. İzahı verilməyən tapşırıqları müəllim sinifdə şagirdə başa salmır, həll elətdirmir ev tapşırığı verir. Belə tapşırıqlar isə şagirdi və valideynləri çətinə salır. Nəticədə də həm uşaq, həm də övladına köməklik göstərməyə çalışan valideyn tapşıırıqların həllinə saatlarla vaxt ayırmalı olur. Hesab edirəm ki, uşaqları bu qədər yükləmək olmaz.​ Xüsusən də ibdidai sinif şagirdlərini”.

 

Digər valideyn Cənanə Əlişovanın sözlərinə görə, dərsliklər asan və şagirdlərin təfəkürünə uyğun yazılmalıdır. Ev tapşırıqları isə şagirdlərin yerinə yetirə biləcəyi bir səviyyədə müəyyənləşdirilməlidir. Bu tapşırıqların çətinlik səviyyəsi şagirdin yaşına görə müəyyən edilməlidir ki, onu yerinə yetirən zaman uşaq zehni və fiziki cəhətdən yorulmasın:

”Övladım 4-cü sinifdə oxuyur. Dərslikləri o qədər çətin və qəliz dildə yazılıb ki, heç özüm oxuyub başa düşə bilmirəm. Elə tapşırıqlar olur ki, mən ali təhsilli adam onu bir neçə dəfə təkrar oxuduqdan sonra güclə dərk edirəm. Ev tapşırıqlarının həddən artıq olması da ayrıca bir problemdir. Hər gün uşaq ən azı 4 saat ev tapşırıqlarının həllinə vaxt ayırır. Səhifə-səhifə ev tapşırığı həll edir. Övladıma deyirəm ki, bəs siz dərsdə tapşırıq yazmırsınız. Deyir müəllim ancaq mövzunu izah edir. Tapşırıqları evə verir. Biz şagird olanda asudə vaxtımız çox olurdu. Dərsdən gələndən sonra sabahın dərslərini hazırlayır, qalan boş vaxtımızı isə istədiyimiz kimi dəyərləndirirdik. Əlavə dərnəklərə gedir, yaşıdlarımızla həmsöhbət olur, müxtəlif oyunlar oynayırdıq. Amma bu günün uşaqlarının heç oyun oynamağa da vaxtı qalmır. Fənlər üzrə tapşırıqların çox olması və uşaqların həddindən artıq yüklənməsi onların əlavə məşğuliyyətlərə vaxt sərf etməsinə imkan vermir”.

 

 

Mövzu ilə bağlı Bakupost.az -a danışan ibtidai sinif müəllimi Şölə Əllyeva deyib ki, hazırkı kurikuluma əsasən, şagirdlərə ev tapşırığı verilməməlidir:

 

“Kurikuluma əsasən, ​ ibtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir. Birinci sinfə isə ümumiyyətlə ev tapşırığı verilməməlidir. Şagirdlər dərsi qarsdə öyrənməli, qavramalı, tapşırıqları da sinifdə həll etməlidirlər. Ancaq ev tapşırığı verilməyəndə uşaqlarda dərsə, oxumağa qarşı məsuliyyət hissi azalır.​ Bir pedaqoq kimi təcrübəmə əsasən deyə bilərəm ki,​ ev tapşırığının yerinə yetirilməsi şagirddə məsuliyyət və özgüvən hissini artırır. Dərsdə keçilən mövzuya uyğun ev tapşırıqları həll etdikcə şagird proqramı daha yaxşı mənimsəmiş olur. Ev tapşırıqları uşağın beyin ​ inkişafında da mühüm rol oynayır. Bu səbəbdən də çox yükləməmək şərtilə şagirdlərə ev tapşırıqları verilməlidir. Şagirdin qavraması zəifdirsə, dərsi yaxşı mənimsəyə bilmirsə belə şagirdlərə yüngül ev tapşırıqları verilə bilər. Ən önəmlisi odur ki, şagirdlərə verilən tapşırıqlar yaradıcı olmalı, onu oxumağa həvəsləndirməlidir. Ev tapşırığı həll edən zaman şagird yeni bir bilik və ya məlumat əldə etməkdən zövq almalıdır”.

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, ev tapşırıqları ilə bağlı müəyyən limit tətbiq olunmalıdır. Xüsusilə də ibtidai siniflərin ev tapşırığında:

“Dərs yükünün ağırlığı, mürəkkəb və əhəmiyyətsiz ev tapşırıqları, müəllimlərin tələb etdikləri test və digər vəsaitlərin çoxluğu təhsilimizin əsas problemlərindən biridir. Bu gün bəzi məktəblərdə şagirdləri ev tapşırıqları ilə elə yükləyirlər ki, hətta onların ali təhsilli valideynləri belə bu qəliz tapşırıqların həllində övladlarına kömək edə bilmirlər. Müəllimlər deyir ki, ev tapşırığının məqsədi dərs zamanı keçilən yeni mövzunun daha yaxşı mənimsəməsi və yadda saxlanmasıdır. Fikrimcə, proqram materialı əsasən dərs prosesində mənimsənilməlidir, evə isə bu materialın hafizədə möhkəmləndirilməsinə xidmət edən konkret tapşırıqlar verilməlidir. Ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına müsbət təsir göstərməlidir. Müəllim mövzuya aid olan çox yüngül səviyyəli tapşırıqlar verərək şagirdi oxutdura bilər. Yəni, tapşırıqlar bu hallarda verilə bilər. Şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir. Çünki təhsil məktəbdə verilir. Şagirdlərə daha çox tapşırıq verildikcə onlarda öyrənməyə həvəs qalmayacaq və olan meyil də itəcək”.

N.İsrafilov deyir ki, müəllimdən çox yüksək bacarıq və intellekt tələb olunur ki, şagirdin qavrama qabiliyyətini düzgün olaraq qiymətləndirsin və buna uyğun ev tapşırığı versin:

"Əgər tapşırıq vermək rəva bilinirsə, bu zaman ev tapşırığı elə səviyyədə verməlidir ki, şagirdə özü də bunu anlasın. Yəni, şagird müəllimin bu tapşırığı ona sinif yoldaşlarına nisbətən irəliləməli, bilgisində olan boşluğu doldurmalı olduğuna görə verdiyini anlamalıdır. Yaxud da hamıdan yüksək bildiyini zənn edərək, daha yüksək arenaya çıxışı üçün ona yol açıb, işıq verdiyini başa düşməlidir. Yəni, şagirdlər bunu dərk etməlidir. Qeyd edim ki, kurikulum təliminə keçid şagirdləri ev tapşırığından azad etmək tələbi qoyub. Kursumuz yaddaş məktəbindən idrak məktəbinə keçid, düşüncənin ön plana çəkilməsi, nəzəri biliklərdən çox şagirdin bacarığı istiqamətində təhsil verilməsinə yönəlib”.

Ekspertin sözlərinə görə, ev tapşırığı şagird üçün nə qədər ağır, üzücü olsa da, onların asudə vaxtlarını səmərəli keçirməsində maneə yaratsa da, təssüf ki, biz hələ ki, bu tapşırıqdan imtina etməyə tam hazır deyilik:

“Nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə​ tam mənimsətməyi örənməmişik ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya bilmərik.​ Bu proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk mərhələ isə dərs keyfiyyətini yüksəltmək yolu ilə tapşırıqların həcmi və ağırlıq dərəcəsini azaltmaqdan ibarət olmalıdır. Bir sözlə, hələ ki, dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, bir sıra xarici ölkələrdə şagirdlərin ​ dərs yükünün azaldılması məqsədi ilə ev tapşırıqları tamamilə ləğv edilib. Bəzi ölkələrin məktəblərində isə ev tapşırıqlarının həcmi minimuma endirilib:

 


“Böyük Britaniyanın bəzi şəhərlərində şagirdlərin uşaqlarda dərs yükünün azaldılması məqsədi ilə ev tapşırıqları tamamilə ləğvi olunub. İngiltərənin başqa məktəblərində, həmçinin Almaniyada da bu təcrübədən yararlanırlar. Finlandiya təhsil sistemi dünyada öndə gedən təhsil sistemlərindən biridir. Finlandiyalı şagirdlər ev tapşırığı yükündən azaddırlar. Ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər. Fin təhsilinin tədrisi çox bəsitdir. Müəllimlər gün ərzində sinifdə ortalama dörd saat dərs keçirlər, ancaq bütün şagirdlər eyni dərəcədə bacarıqlıdırlar. Şagirdlərə ev tapşırığı verilmir ona görə ki, finlilərə görə öyrənmənin yeri məktəbdir. Fikrimcə, Azərbaycanda da sözügedən xarici ölkələrin təcrübəsindən istifadə olunmalıdır”.

 

Təhsil Nazirliyindən isə bildirilib ki, ev​ tapşırıqları​ təlimin ​ fərdi​ təşkili​ formasıdır.​ Onlar​ müxtəlif​ vəzifələri​ yerinə yetirir. Belə ki, ​ dərsdə​ keçilən​ materialları​ möhkəmlətmək,​ dərinləşdirmək,​ nəzəri​ biliyi​ tətbiq etmək, növbəti mövzunu mənimsəməyə hazırlaşmaq və s..

 

 

Fəndən​ və​ mövzudan​ asılı​ olaraq​ ev​ tapşırıqları​ şifahi,​ yazılı,​ əməli​ xarakterdə​ ola bilər. Ev tapşırıqları bir sıra tələblərə uyğun olaraq verilməlidir. Məsələn, apşırığın məqsədi və icra qaydası şagirdlərə aydın olmalı. Tapşırıqlar məzmunca rəngarəng olmalı,​ ev tapşırıqları mümkün qədər yaradıcı xarakter daşımalıdır. Ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir:

"Şagirdlərin onları hansı müddətlərdə yerinə yetirməsi imkanları nəzərə alınmalıdır. Belə ki, bu müddətlər 1-ci sinifdə dərs ilinin ikinci yarısından etibarən — 1 saata qədər, 2-ci sinifdə — 1,5 saata qədər, 3-cü və 4-cü siniflərdə — 2 saata qədər, 5-ci və 6-cı siniflərdə — 2,5 saata qədər, 7-ci və 8-ci siniflərdə — 3 saata qədər, 9-cu və 11-ci siniflərdə — 4 saata qədər təşkil etməlidir. Bu bütün fənlər üzrə nəzərdə tutulur. Yəni, 1-ci sinifdə təhsil alan şagirdə bütün fənlərdən ev tapşırığı elə verilməlidir ki, onların hamısını hazırlamaq şagirdin 1 saata qədər vaxtını alsın. Bu, qayda digər siniflər üçün də eynidir. Evə verilən tapşırıqlar dərslik və dərs vəsaitlərində elmi əsaslara söykənərək hazırlanır, amma bu tapşırıqları şagirdin hansı şəkildə icra etməsi hər müəllimin öz metodundan asılıdır”.​

BakuPost

Xəbər lenti