“BACARIQLI OL” Usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Bazarstore” MMC arasında 2021/2022-ci illəri əhatə edən Fəaliyyət Planına əsaslanan əməkdaşlıq davam etməkdədir.
Hazırda layihə çərçivəsində “Bazarstore” mağazalar şəbəkələrində dual təhsil formatında real iş mühitində təcrübəyə əsaslanan iki təlim həyata keçirilməkdədir. Belə ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində 4 oktyabr 2021-ci il tarixindən etibarən başlayan “Satıcı - Kassir” ixtisası üzrə 12 həftəlik qısamüddətli təlim öz işini uğurla davam etdirir. Nəzəri və praktiki dərslərdən ibarət şəkildə təşkil olunan proqram 18 yaşdan yuxarı işsizlər üçün nəzərdə tutulub. Sözügedən təlimlərin həyata keçirilməsi üçün “Bazarstore” MMC Bakı, Sumqayıt və Gəncə şəhərlərinin hər birində bir mağaza müəyyən edib. Təlim iştirakçıları mağazalarda həftənin dörd günü praktiki təlimlərə, bir günü isə nəzəri təlimə (distant şəkildə) cəlb olunurlar. Təlimin sonunda keçiriləcək qiymətləndirilmə əsasında dövlət nümunəli sertifikatların verilməsi nəzərdə tutulub.
10 noyabr 2021-ci il tarixindən isə 6 aylıq diplom proqramı çərçivəsində Gəncə və Bərdə şəhərlərində yerləşən peşə təhsil müəssisələrində “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə təhsil alan tələbələri üçün iş əsaslı təlimə başlanılıb. Təhsil proqramının nəzəri hissəsi peşə təhsil müəsissələrində həftədə iki gün, praktiki hissəsi isə həmin şəhərlərdə fəaliyyət göstərən “Bazarstore” MMC-nin mağazalar şəbəkəsində üç gün real iş şəraitində həyata keçirilməkdədir. Bu təlim üçün də “Bazarstore” MMC Bərdə və Gəncə şəhərlərinin hər birində bir mağaza müəyyən edib.
Təhsil çərçivəsində iştirakçılar ərzaq və qeyri ərzaq malları üzrə satıcı işinin təşkili, xəzinədar işinin əsasları, əmək təhlükəsizliyi, qida təhlükəsizliyi və sanitariya qaydaları, müştəri özəllikləri və müştəri məmnuniyyəti kimi mövzular üzrə nəzəri və praktiki bilik və bacarıqları əldə edirlər.
Praktiki təlim “Bazarstore” MMC - nin peşəkar ustalarının nəzarəti və rəhbərliyi altında həyata keçirilir. Bütün təlim iştirakçıları fərdi qəza siğortası, qida və uniforma ilə təmin olunurlar.
Proqramın məqsədi peşə təhsil müəssisələrinin tələbələri və işsiz gənclərin təlimini praktiki formada və iş şəraitinə ən yaxın şəkildə təşkil etmək, peşə təhsilinin əhatəliliyini və proqram məzunlarının işəgötürülmə imkanlarını artırmaqdan ibarətdir.