Logo

Naxçıvan arxeologiyası və son illərin uğurlu tədqiqatları

16.11.2021 14:10 665 baxış
IMG

Axtarışlar, tapıntılar

Naxçıvan Muxtar Respublikasında aparılan araşdırmalar göstərir ki, bu qədim yurd yeri bəşəriyyətin əsas sivilizasiya mərkəzlərindən biri olmuşdur. Bu baxımdan muxtar respublikanın bol sulu çayları, münbit torpaqları, əlverişli coğrafi mövqeyi, metal və qeyri-metal yataqları qədim əkinçi-maldar tayfaların bu ərazidə erkən məskunlaşmasına səbəb olmuşdur. Bu ərazidə hələ Daş dövründən məskunlaşma başlanmış, qədim əkinçilik mədəniyyətlərinin əsası qoyulmuşdur. Demək olar ki, Naxçıvanın hər bir rayonunun ərazisində müxtəlif dövrlərin yadigarı olan abidələr mövcuddur. Həmin abidələrdə zaman-zaman geniş arxeoloji tədqiqatlar aparılmış, hər bir daşın, keramikanın tarixi öyrənilmişdir.

 Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən arxeoloji abidələr Azərbaycan tarixinin öyrənilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Belə araşdırmalar Naxçıvan Muxtar Respublikasınının Cənubi Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu göstərir. Naxçıvanda formalaşan qədim mədəniyyətlər tarixən qonşu ölkələrlə sıx bağlı olduğundan bu bölgənin arxeoloji abidələri yalnız Naxçıvanın deyil, bütövlükdə, Cənubi Qafqaz tarixinin öyrənilməsi üçün də əhəmiyyətlidir. Ümummilli lider Heydər Əliyev Naxçıvan abidələrini yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın ərazisini götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri var”.

XIX əsrin 70-ci illərindən başlanan arxeoloji tədqiqatlar bu diyarın çox qədim tarixə malik olmasını və dünya mədəniyyəti tarixindəki unikal mövqeyini bəlli etmişdir. O dövrdən keçən müddət ərzində Naxçıvan ərazisində xeyli arxeoloji abidə aşkar edilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə bu iş olduqca geniş vüsət almış, abidələrimizin qeydə alınması, milli zəmində tədqiqi, bərpası və qorunması sahəsində xeyli işlər görülmüşdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan tarixinin araşdırılması sahəsindəki tapşırıq və tövsiyələri, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun arxeoloji abidələrin tədqiqinə göstərdikləri diqqət və qayğı Naxçıvan arxeologiyasının daha dərindən öyrənilməsinə şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamından sonra bu sahəyə diqqət daha da artırılmışdır. AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universiteti əməkdaşlarının birlikdə apardıqları məqsədyönlü tədqiqatlar nəticəsində muxtar respublika ərazisində 1200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınmışdır ki, onların da əksəriyyəti arxeoloji abidədir. Bu arxeoloji abidələr Naxçıvanın qədim və orta əsr tarixinin öyrənilməsi üçün olduqca dəyərli mənbədir.

Bu illər ərzində Gəmiqayaya arxeoloji abidəsinə səfər təşkil edilmiş, qayaüstü təsvirlər aşkarlanmış və çoxlu sayda elmi nəşrlər hazırlanmışdır. Eyni zamanda Naxçıvan şəhərində mötəbər elmi tədbirlər təşkil edilmiş, konfrans və simpoziumlar keçirilmişdir. Bütün bu tədbirlərdə qədim və zəngin tariximiz, mədəniyyətimiz təbliğ olunmuş, əldə edilmiş elmi nailiyyətlər, son illərin uğurlu tədqiqatları Azərbaycan və dünya elmi ictimaiyyətinə çatdırılmışdır.
Müstəqillik dövründə həm yerli, həm də xarici tədqiqatçıların arxeoloji ekspedisiyaları nəticəsində ən qədim tariximiz daha dəqiq və sistemli şəkildə öyrənilmişdir. Sübut olunmuşdur ki, Naxçıvan ən qədim mədəniyyətlərin ilkin yaranma mərkəzlərindən biridir və burada tarixi dövrlər arasında arasıkəsilməz varislik əlaqələri mövcuddur.
Naxçıvan Muxtar Respublikası ərazisində ən qədim mədəniyyətlər olan Eneolit mədəniyyəti, Kür-Araz mədəniyyəti, Boyalı qablar mədəniyyəti, əsasən, çay vadilərində yaranıb formalaşmışdır. Belə vadilərdən Arpaçay, Naxçıvançay, Gilançay, Əlincəçay vadilərini misal göstərmək olar ki, həmin ərazilərdə tarixin bir çox dövrlərində diyarın qədim sakinləri tərəfindən məskunlaşmalar olmuş və nəticədə böyük mədəniyyətlər yaranmışdır. Adıçəkilən vadilərdə əvvəllər də tədqiqatlar aparılmışdır. Amma müstəqillik illərində aparılan tədqiqatlar milli xarakterli olmuş və tariximizin qədimliyi, mədəniyyətimizin zənginliyi olduğu kimi ictimaiyyətə çatdırılmışdır. Tarix olduğu kimi yazılmış, hər bir daşa, hər bir saxsı parçasına doğma münasibət göstərilmişdir. Eyni zamanda xarici arxeoloqların təcrübəsindən istifadə edilməsi və muxtar respublika ərazisində beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyətinə imkan yaradılması da Naxçıvan arxeologiya elminin inkişafına öz müsbət təsirini göstərmişdir. 2006-2016-cı illərdə Şərur rayonu ərazisində, Arpaçay vadisində Azərbaycan-ABŞ birgə arxeoloji ekspedisiyasının tədqiqatları nəticəsində bir neçə abidədə – Dəmir dövrünün Oğlanqala, Orta Tunc dövrünün Qızqala abidələrində sistemli qazıntı işləri təşkil olunmuş, abidələr müasir dövrün tələbləri səviyyəsində öyrənilmişdir. Eyni zamanda bu müddət ərzində qədim Şərur düzündə yerüstü tədqiqatlar da həyata keçirilmiş, bir neçə kurqantipli qəbir abidəsi aşkar edilərək öyrənilmiş və zəngin maddi mədəniyyət nümunələri üzə çıxmışdır. Bu gün həmin tapıntılar muxtar respublikanın muzeylərini zənginləşdirir və gələcək elmi araşdırmalara yol açır.

2006-cı ildən Arpaçay və Naxçıvançay vadilərində araşdırma aparan Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası bu sahədə böyük nailiyyətlər qazanılmış və diyarımızın nə qədər qədim tarixə malik olduğunu dəfələrlə elmi faktlarla sübut etmişdir. 2006-2012-ci illərdə Ovçulartəpə yaşayış yerində aparılan araşdırmalar eradan əvvəl V-III minilliklərdə Naxçıvan ərazisində yaşayan tayfaların həyat tərzini öyrənməyə imkan vermiş, Proto Kür-Araz mədəniyyətinin mənşəyi ortaya çıxarılmış, Kür-Araz mədəniyyətinin Son Eneolit mədəniyyətindən qaynaqlanaraq inkişaf etdiyi müəyyən olunmuşdur. Burada aşkar edilən üzərində qabarıq keçi və qoyun təsvirləri olan gil qablar Naxçıvanda professional təsviri sənətin səkkiz min il tarixi olduğunu deməyə imkan vermişdir.
Naxçıvan ərazisində Eneolit, Tunc, Dəmir və Antik dövrlərə mənsub zəngin maddi mədəniyyət nümunələri ilə təmsil olunan arxeoloji abidələrin aşkar edilməsi və müasir elmin inkişaf təcrübəsindən istifadə etməklə aparılan tədqiqat işləri diyarın qədim tarixini daha geniş şəkildə öyrənməyə şərait yaratmışdır.
Naxçıvanın Eneolit və Erkən Tunc dövrü abidələrinin tədqiqi istər Eneolit, istərsə də Erkən Tunc dövrü ilə bağlı bir çox məsələlərin həlli üçün, xüsusilə bu dövrdə Naxçıvanın qədim sakinlərinin Urmiya hövzəsi və Şərqi Anadolu ilə əlaqələrini öyrənməyə və bu əlaqələrin qədim mədəniyyətlərin formalaşmasındakı əhəmiyyətini üzə çıxarmağa imkan vermişdir. Muxtar respublika abidələrinin araşdırılması, həmçinin ölkəmizin qədim sakinlərinin həyat tərzi, məşğuliyyəti, köçmə maldarlığın meydana gəlməsi ilə bağlı məsələləri də aydınlaşdırmağa şərait yaradır.
Son illər Şərur rayonu ərazisində Oğlanqala, Ovçulartəpə, Qızqalası, Ərəbyengicə, Xələc, Şortəpə, I Maxta Kültəpə, Babək rayonu ərazisində I Kültəpə, Meydantəpə, Sirab abidələri, Ordubad rayonu ərazisində Gəmiqaya, Xaraba Gilan, Plovdağ və sair arxeoloji abidələrində qədim yaşayış yerləri, zəngin keramika məmulatı və bölgənin qədim sakinlərinin həyat tərzini, məşğuliyyətini, dəfn adətlərini, müxtəlif bacarıqlarını, əmək alətlərini öyrənməyə imkan verən uğurlu arxeoloji tədqiqatlar həyata keçirilmiş və bu tədqiqatlar hazırda davam etməkdədir. Həmin abidələrin bəziləri təsadüf nəticəsində aşkar olunsa da, sonralar ciddi tədqiqatların obyektinə çevrilmiş və xalqımızın uzaq keçmişdən başlayaraq yaratdığı zəngin mədəniyyət nümunələri yenidən öyrənilmişdir.
Yuxarıda bəhs edilənlərə diqqət yetirdikdə aydın olur ki, qısa zaman çərçivəsində tariximizin və mədəniyyətimizin öyrənilməsi, yeni-yeni abidələrin üzə çıxarılması və elmi ictimaiyyətə çatdırılması, təbliği istiqamətində olduqca böyük işlər görülmüşdür. Həmçinin qeyd etmək lazımdır ki, son illər muxtar respublika ərazisindəki bir çox dünya, ölkə və yerli əhəmiyyətli abidələrdə bərpa işləri aparılmış və bu abidələrə yeni həyat verilmişdir. Misal üçün qeyd edə bilərik ki, Şərur rayonu ərazisindəki Oğlanqala, Qızqala, Ovçulartəpəsi və Babək rayonu ərazisindəki I Kültəpə abidələrinin ətrafı hasarlanmış və bu abidələrin qorunub saxlanması üçün müəyyən tədbirlər görülmüşdür. Bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə bir neçə qalatipli qədim yaşayış yerləri, körpü və monumental abidələrdə əsaslı bərpa işləri aparılmış və həmin abidələr bu gün diyarımızın ən dəyərli və görməli yerlərindən birinə çevrilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə 21 sentyabr 2021-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir ki, Naxçıvanın qədim və müasir dövlətçilik tarixi alimlərimiz üçün əsas tədqiqat predmeti olmalı, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu bu mövzu ilə bağlı yeni elmi əsərlər işləməlidir. İnanırıq ki, tarix və mədəniyyətimizə olan bu diqqət və qayğı nəticəsində tariximiz daha dərindən öyrəniləcək, hər bir abidə araşdırılarkən yeni-yeni istiqamətlər müəyyənləşəcək və gələcək nəsillərə fundamental elmi nəticələr ötürüləcəkdir.

Emin MƏMMƏDOV
Naxçıvan Dövlət Universitetinin
Ümumi tarix kafedrasının müəllimi

Naxcivanxeberleri.com

Xəbər lenti