Logo

UTECA tələbələri VII ümumrespublika bilik yarışında iştirak ediblər

13.11.2021 18:44 496 baxış
IMG

Azərbaycan Texnologiya Universitetinin tələbələri respublika bilik yarışında iştirak ediblər.

Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında bu dəfə 48 ali təhsil ocağı təmsil olunub. 

2014-cü ildən ənənəvi təşkil edilən bilik yarışı gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyır.

Builki yarış eyni zamanda Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib. 
Yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədi ilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub, noyabrın 6-da isə Vətən müharibəsi və şanlı zəfər tarixinin öyrənilməsi məqsədilə bilik yarışının iştirakçı komandaları üçün təlim keçirilib. 

Bilik yarışı 3 turdan ibarət olub. Hər turda 12 sual cavablandırılıb. Suallar komandalara əvvəlcədən təqdim olunan mövzular əsasında tərtib edilib. 

5 nəfər (1 ehtiyat) tərkibdən ibarət komandalar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti, irsi, eləcə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistanın işğalından azad olunması uğrunda aparılmış Vətən müharibəsi və zəfər tarixi ilə bağlı mövzuları əhatə edən sualları cavablandırıblar.

Sonda 3 qalib komanda müəyyən edilib -  Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası üçüncü yerə layiq görülüb.

Qiymətləndirmə zamanı 19 yer üzrə olan siyahıda Azərnaycan Texnologiya Universitetinin komandası ADA Universiteti, Azərbaycan Texniki Universiteti tələbələri ilə birgə 8-ci yerdə qərarlaşıb. 

Qaliblərin mükafatlandırılması ilə yanaşı, komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzi adından iştirakçı sertifikatları təqdim olunub.

Xəbər lenti