Logo

Alman Akademik Mübadilə Xidmətinin açılışı olub

13.11.2021 16:13 648 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Alman Akademik Mübadilə Xidməti (DAAD) ofisinin açılışı olub.

Açılış mərasimindən əvvəl ADU-nun rektoru, akademik Kamal Abdulla ilə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq arasında görüş keçirilib.

Rektor K.Abdulla qeyd edib ki, DAAD ofisinin açılması iki ölkə arasında təhsil sahəsində, tələbə mübadiləsi istiqamətində əməkdaşlığa ciddi töhfə verəcək: “Azərbaycan Dillər Universitetini Almaniya ilə müsbət əlaqələr birləşdirir. Bizim müştərək və faydalı proqramlarımız olub. Gələcəkdə də bu əməkdaşlığı davam etdirməkdə maraqlıyıq”.

Görüşdə Azərbaycandakı multikultural mühit, ölkənin dostluğa və sülhsevər siyasətə əsaslanan beynəlxalq əlaqələri haqqında fikir mübadiləsi aparılıb. Rektor səfiri ADU-da fəaliyyət göstərən “Səfir klubu”nda tələbələrə mühazirə oxumağa dəvət edib.

Səfir Volfqanq Maniq DAAD ofisinin universitetdə fəaliyyətə başlaması münasibəti ilə rektora təşəkkürünü bildirib.

“Bu proqram vasitəsi ilə tələbə mübadiləsi xalqlar arasında dostluq bağlarını möhkəmləndirir. Proqramın əsas məqsədlərindən biri ötən əsrdən etibarən dünya üzrə olan digər universitetlər və Almaniya universitetləri arasında əməkdaşlığı yaratmaqdır. Elmə mübadilə lazımdır və bu mübadiləni təşkil edənlərdən biri də DAAD-dır. Almaniyanın Azərbaycana elm sahəsində böyük marağı var. Pandemiya ilə bağlı məhdudiyyətlər aradan qalxandan sonra iki ölkənin universitetləri arasında müxtəlif istiqamətli əlaqələr bərpa olunacaq”-deyə səfir söyləyib.

Sonra DAAD Bürosunun açılışı və kitabxanasına baxış olub. Metodist Mara-Lisa Gezer DAAD-ın dünya üzrə gördüyü ümumi iş haqqında və 2018-2021-ci illər ərzində Azərbaycanda, eyni zamanda Azərbaycan Dillər Universitetində işinə dair təqdimatla çıxış edib. Mara-Lisa Gezer deyib ki, o, ADU-da 2018-ci ilin sentyabrından fəaliyyət göstərir, Azərbaycanda məktəb və universitet müəllimləri üçün alman dili (DaF) sahəsində çoxsaylı təlim kursları keçirib.

Qeyd edək ki, 2021-ci ilin sentyabr ayında DAAD Go East yay məktəbi 13 alman tələbəyə DAAD təqaüdü ilə iki həftəlik Azərbaycana gəlmək, ölkənin mədəniyyəti və dili ilə tanış olmaq imkanı verib.

Xəbər lenti