Logo

Gözdən əlillər üçün oxunulan səsli kitabların təqdimat mərasimi keçirilib

13.11.2021 15:04 321 baxış
IMG

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında gözdən əlillər üçün oxunulan səsli kitabların təqdimat mərasimi keçirilib. Reabilitasiya Mərkəzi ilə birgə təşkil olunan mərasim “13 noyabr- Beynəlxalq gözdən əlillər günü”nə həsr edilib.

Universitet Elmi Kitabxanasının direktoru Fariz Əhmədov 2016-cı ildən bəri Reabilitasiya Mərkəzi ilə qurulan əlaqələrdən danışıb. Bildirilib ki, bu günə qədər kitabxanada 20-dən artıq kitab səsli oxunaraq mərkəzdə görmə qabiliyyəti məhdud şəxslərə təqdim edilib. Vurğulanıb ki, tələbələrin könüllü fəaliyyəti nəticəsində oxunulan kitabların sayı daha da artacaq.

Məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Minurə Musayeva mərkəzdə görmə qabiliyyəti məhdud şəxslər üçün yaradılan şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edilib ki, mərkəzdə 2013-cü il aprel ayının 3-də görmə qabiliyyəti məhdud şəxslərə xüsusi proqram təminatı əsasında audio kitabxana xidməti istifadəyə verilib. Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq yaradılan bu xidmətdən istifadə edən görmə qabiliyyəti məhdud şəxslər burada qeydiyyatdan keçərək yaşadıqları ünvandan ev telefonu vasitəsilə əlaqə saxlamaqla mərkəzin kitabxanasında olan audio kitabları dinləyə bilərlər. Vurğulanıb ki, eyni anda 30 nəfərin istifadə etdiyi mərkəzdə şəxslərə 24 saat ərzində fasiləsiz xidmət göstərilir. Həmçinin diqqətə çatdırılıb ki, universitetin Media Mərkəzi ilə birgə fəaliyyətin nəticəsində “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan 6 əsər oxunub montaj edilərək mərkəzin audio kitab fonduna təhvil verilib.

Mərkəzin görmə qabiliyyəti məhdud şəxslərinin kompüter üzrə mütəxəssisi Elməddin Kərimov görmə qabiliyyəti məhdud şəxslərin dünyada, həmçinin Azərbaycanda yeri və rolundan danışıb.

Tədbir müzakirələrlə davam edib.

Xəbər lenti