Logo

Xırdalan məktəbində müəllimlər arasında yaranmış insidentlə bağlı AÇIQLAMA

13.11.2021 10:44 3393 baxış
IMG

"Mən-Cəfərova Kəmalə Sədi qızı 12.11.2021-ci il tarixində Xırdalan şəhərində yerləşən 9 nömrəli tam orta məktəbdə baş vermiş münaqişə ilə bağlı açıqlama vermək istəyirəm. Sənədləşmə işi ilə bağlı direktorun otağında idim..."

Bu fikirləri "Tehsil.biz" redaksiyasına Xırdalan şəhərində yerləşən 9 nömrəli tam orta məktəbdə baş vermiş insidentlə bağlı açıqlama vermək istəyən ibtidai siniflər üzrə direktor müavini Cəfərova Kəmalə Sədi qızı bildirib.

Onun sözlərinə görə, münaqişə baş verməzdən əvvəl özündən başqa beş nəfər müəllim də həmin otaqda imiş:

"Qurbanov Qəmbər Müseyib oğlu məktəbin riyaziyyat müəllimi işləyir. Otağa daxil oldu və məktəb rəhbərliyi ilə mübahisə etməyə başladı. Mübahisəyə səbəb Qəmbər müəllimin dərs zamanı yuxarı sinif şagirdini sinifdən qovması və məktəb rəhbərliyinin ona şagirdi sinifdən qovmağın düzgün olmadığını bildirməsi idi".

K.Cəfərova deyir ki, o, mübahisə zamanı məsələyə qarışmamağa çalışsa da, sonradan baş verənlərə biixtiyar səbr edə bilməyib:

"Mən bu mübahisəyə qarışmadım. Amma Qəmbər müəllim nalayiq sözlər işlədərkən "vay, bu nə sözlərdir?!" ifadəsini işlətdim. Elə bu an Qəmbər müəllim mənə tərəf çevrilib "ağzını yum, mumla. Şərəfsizlər!" kimi ifadələrlə hamını təhqir etdi. Elə bu zaman mən qeyri-ixtiyari olaraq "vay, bu nə sözdür?!" söylədim. Qəmbər müəllim müxtəlif təhqiredici sözlər işlədərək danışa-danışa çölə çıxdı".

Qeyd edək ki, ötən gün səhər saatlarında Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris işləri üzrə direktor müavini Cəfərova Kamalə və həmin məktəbin riyaziyyat müəllimi Qurbanov Qəmbər Müseyib oğlu arasında ağır ittihamlar dolu, təhqirlərlə söz davasının olması ilə bağlı xəbərlər yayılmışdı.

"Tehsil.biz" redaksiyası mövzu ilə bağlı araşdırmalara davam edir, qarşı tərəflərin də söz azadlığını tanıyır!

Xəbər lenti