Logo

Pandemiya, psixi pozğunluq - STATİSTİKA

12.11.2021 10:06 598 baxış
IMG

Son iki ildə pandemiya və Vətən müharibəsi insanların psixoloji sağlamlığına təsirsiz ötüşmədi. Depressiya, panik pozuntu, obsessiv-kompulsiv pozuntu, generalize olunmuş təşviş pozuntusu, adaptasiya pozuntusu kimi problemləri olan şəxslərlə demək olar ki, artıq tez-tez rastlaşırıq. Çox vaxt həmin şəxslərin psixi sağlamlığın qorunması üçün verilən tövsiyələrə əməl etməmələri daimi psixoloji problemlərə səbəb olur. Bundan əlavə, prosesin uzanması insanlarda pessimist düşüncələrin güclənməsinə gətirib çıxarır. Bu da psixoloji problemləri daha da artırır.

Tehsil.biz rəsmi göstəricilərə istinadən xəbər verir ki, pandemiya dövründə psixi pozğunluğu olan şəxslərin sayında artım müşahidə edilib.

Belə ki, 2019-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan psixi xəstələrin sayı 104244 idisə, 2020 -ci ildə bu rəqəm 106299 olub.

Eyni zamanda, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayında azalma müşahidə olunub. Bu göstərici 2019-cu il üçün 4794 nəfər olduğu halda 2020-ci il də 4039 nəfər olub.

Statistikaya əsasən, 2019 -cu ildə ölkənin hər 100 min nəfərinə 1048 psixi xəstə düşürdüsə, 2020 -ci ildə bu rəqəm 1063,1 olub.

2019 -cu ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrdən hər 100 min nəfərinə 48,4 psixi xəstə düşüb. 2020-ci ildə bu rəqəm 40,5 olub.

Qeyd edək ki, 2021-ci il üzrə səhiyyə ilə bağlı məlumatlarının 2022-ci ilin əvvəlində açıqlanacağı bildirilib. (Modern.az)

Xəbər lenti