Astarada Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş “Rəngli dünyamız” - kənd şagirdlərində rəssamlıq bacarıqlarının inkişafı üçün onlayn təlimlər və müsabiqələrin keçirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib.
Layihənin rəhbəri, Astara rayonunun Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbin müəllimi Aytən Həsənova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, kənd məktəblərində bir çox şagirdin rəssamlıq üzrə bacarıqları olsa da, onlar bu bacarıqları inkişaf etdirə bilmir, müsabiqələrdə iştirak etmirlər.
Əsas səbəblər isə onlarda lazım olan rəssamlıq dəstlərinin, lazımi şəraitin olmaması, rəssamlıqla bağlı keçirilən müsabiqələr haqqında məlumatlarının az olmasıdır.
Layihənin məqsədi kənd şagirdləri üçün onlayn təlimlərin və müsabiqələrin keçirilməsi yolu ilə onların rəssamlıq bacarıqlarının inkişafına nail olmaqdır.
Layihə çərçivəsində 20 şagird müəyyən edilib və onların hər birinə rəssamlıq üçün tam ləvazimat dəsti hədiyyə edilib.
Layihənin icrası dekabrın 16-dək davam edəcək.