Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədilə monitorinqlər aparılıb. Monitorinq zamanı qazanxanalar, istilik xətləri, radiatorlar yoxlamadan keçirilib və aşkarlanmış nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülüb.
Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Qeyd olunub ki, sıradan çıxmış radiatorların, dövriyyə nasoslarının dəyişdirilməsinə, istilik xətlərinin yenilənməsinə və bəzi məktəblərin qazanxanalarında qazın təzyiqinin artırılmasına olan ehtiyaclar ümumiləşdirilərək bu barədə müvafiq qaydada müraciət olunub və təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Bundan əlavə, məktəblərin tüstü borularında müvafiq qurumlarla birlikdə təmizlik işləri, həmçinin qapı pəncərələrin zəruri təmiri yerinə yetirilib. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə məktəblərdə çalışan ocaqçılar da mütəmadi olaraq təlimlərdə iştirak edirlər.
Monitorinqlər zamanı təhsil müəssisələrinin istilik sistemlərindəki müəyyən edilmiş problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlərlə yanaşı, cari problemlərin aradan qaldırılması da diqqət mərkəzində saxlanılır. Mövsüm ərzində hər hansı problem yaranarsa, onlar da operativ həll olunur.
İdarədən verilən məlumata görə, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin istilik təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir.