Logo

Lənkəran Peşə Liseyinin “Qənnadçı-şirniyyatçı” ixtisası üzrə təhsil alan tələbələri dual təhsilə cəlb olunublar

11.11.2021 14:37 552 baxış
IMG

Lənkəran Peşə Liseyinin “Qənnadçı-şirniyyatçı” ixtisası üzrə təhsil alan tələbələri  “LARAN” MMC qənnadı fabrikində dual təhsilə cəlb olunublar.

Tehsil.biz xəbər verir ki, tədris prosesi zamanı təhsilalanlar istehsalat təlimi və təcrübələrini fabrikin istehsal sahələrində əldə edirlər. Bundan əlavə razılaşmaya görə ixtisas dərsləri də tələbələrə fabrik daxilində keçirilir. Qənnadı və şirniyyat məhsullarının istehsalı üzrə təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsində fabrikin ixtisaslı mütəxəssislərinin iştirakı təmin edilir. Təlim proqramı altı ay müddətində davam edəcək.

Birgə əməkdaşlığa 16 avqust 2021-ci il tarixində qənnadı və şirniyyat məhsullarının  istehsalı üzrə kadr hazırlığını həyata keçirmək məqsədilə Lənkəran Peşə Liseyi və  Lənkəranda yeni açılmış, müasir texnologiyalara cavab verən qənnadı fabriki  arasında bağlanan müqavilə əsasında icra edilməkdədir.

Əməkdaşlıq regionda qənnadı və şirniyyat məhsullarının istehsalı üzrə birgə kadr hazırlığının təşkilini, habelə müxtəlif mütəşəkkil layihələrin hazırlanmasını nəzərdə tutur.

Növbəti dövrdə tədris müddətində ən yaxşı nəticə göstərən təhsilalanların fabrikdə işlə təmin olunması nəzərdə tutulur.

Xəbər lenti