Logo

Rusiyalı qonaqlar Qobustanda

10.11.2021 22:53 682 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu ilə Rusiyanın ən böyük təbii qaz istehsalçısı olan “Novatek ” şirkətinin əməkdaşları və gənc alimlərinin, eləcə də Moskva Neft-Qaz Biznesi İnstitutunun (MNQBİ) rektoru  Rüstəm  Şaqiyevin birgə iştirakı ilə Azərbaycanda neft-qaz sənayesinin müasir vəziyyəti və inkişaf perspektivləri, nadir təbiət möcüzəsi olan palçıq vulkanları ilə əlaqədar görüş-seminar keçirilib.

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov tədbirin təşəbbüskarı R.Şaqiyevi və institutun gənc mütəxəssislərini tədbir iştirakçılarına təqdim edib. Baş direktor neftin Azərbaycan  iqtisadiyyatındakı rolu haqqında geniş təqdimatla çıxış edib, seminar iştrakçılarının suallarını ətraflı cavablandırıb.

Səfərin məqsədini açıqlayan MNQBİ-nin rektoru Azərbaycanın neft istehsalı sahəsində böyük təcrübəyə malik inkişaf etmiş qabaqcıl ölkə olduğunu qeyd edib, azərbaycanlı neftçilərin uğurlarını yüksək qiymətləndirib. O, rusiyalı alimlərin elmi fəaliyyətini əks etdirən kitabları Z.Eminova  təqdim edib.

Sonra qonaqlar institut əməkdaşları –dosentlər Elina Kərimova, Sitarə Tarixazər, İrina  Kuçinskaya, Samirə  Ələkbərova və coğrafiya üzrə fəlsəfə doktoru Sevinc Məmiyevanın iştrakı ilə Qobustan rayonundakı Daşgil vulkanının yerləşdiyi əraziyə səfər ediblər. Azərbaycanlı alimlər qonaqları yerli vulkanlarla tanış edərək, onları maraqlandıran suallara cavab veriblər. Vulkanlar üzrə mütəxəssis E.Kərimova seminarın davamı olaraq təqdimatla çıxış edib.

Xəbər lenti