Hərb sənətinə olan maraq və bağlılığın artırılması məqsədi ilə AGMA-nın Bərdə rayonu üzrə koordinatoru Qazaxlar kənd tam orta məktəbinin direktor əvəzi Zövqiyyə Əsədovanın təşkilatçılığı ilə bir qrup müəllim və şagirdin "N" saylı hərbi hissəyə ekskursiyası təşkil olunub.
Tehsil.biz xəbər verir ki, məktəblilərə hərbi hissənin yaranma tarixi, 44 günlük Vətən müharibəsində fəaliyyəti ilə bağlı məlumat verilib. Onlar arsenaldakı silah-sursat, mühəndis, rabitə cihazları və avadanlıqlarla, səyyar təşviqat guşələri, mənəvi-psixoloji təminat vasitələri ilə əyani tanış olublar.
Məktəb rəhbərliyi tədbirin baş tutmasına şərait yaratdığına görə qonağı olduqları hərbi hissənin komandanlığına minnətdarlığını bildirib və belə tədbirlərin təşkilinin ordu-xalq əlaqələrinin möhkəmlənməsində, suverenliyimizin qarantı olan ordumuza sevgi və ehtiramın aşılanmasında, həmçinin şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını vurğulayıb.