Logo

Cıdır düzündən gətirilən torpaq... – VİDEO

09.11.2021 11:29 691 baxış
IMG

Zəfər gününün birinci ildönümü qeyd olundu. İstər Bakıda, istərsə də Şuşada keçirilən tədbirlər unudulmaz xatirələr oldu.

Gələcək nəsil bu günü tarix kitablarından oxusa da, bizlər nə xoşbəxtik ki canlı şahidlərik. Şahidlərdən daha önəmlisi isə şəhidlərdir. 8 Noyabr Zəfər günü məhz Qarabağ uğrunda şəhid olan zabit və əsgərlərimizin sayəsində mümkün oldu. Onların ruhları qarşısında baş əyir, qəhrəman qazilərimizə cansağlığı arzulayır, əbədi minnətdar olduğumuzu bir daha bəyan edirik.

İstanbulda Zəfər gününü necə qeyd etmək barədə düşünərkən ilk ağla gələn Feriköy İslam məzarlığında əbədi uyuyan şuşalı Əhməd bəy Ağaoğlu və Cümhuriyyət dövründə Qarabağın hərbi valisi olan Xosrov bəy Sultanzadənin son mənzillərini ziyarət etmək oldu. Çünki Üzeyir bəy Hacıbəylinin də yazdığı kimi, əgər Xosrov bəy olmasa idi, Azərbaycanın cənnət guşəsi olan Qarabağ cəhənnəmə dönər, qətli-qital ocağı olardı.

Bu ilin avqustunda Diaspora Komitəsinin təşkilatçılığı ilə Şuşanı görmək səadətinə nail olarkən Cıdır düzündən torpaq götürmüşdüm. Məhz bu gün üçün...

Əhməd bəyə 1909-cu ildə Vətəni tərk edərkən bir daha bu torpaqları görmək qisməti olmamışdı. Amma Malta adasında sürgündə olarkən doğma Şuşasını məktublarında xatırlamışdı.

Təbii ki bu sadəcə yazılı qaynaqdır. Əminik ki, Əhməd bəy bir ömür ürəyində Şuşa nisgilini yaşatmışdı. Düşündük ki, Zəfər günündə Qarabağın taleyində önəmli rol oynamış bu iki şəxsiyyətin məzarlarına Şuşa torpağı səpmək onların ruhunu şad edər...

Bu özəl anları əbədiləşdirən dəyərli soydaşımız Aysel Əsgərli xanıma təşəkkür edirik.

Teleqraf.com

Xəbər lenti