Logo

Terrora təbəssümlə cavab verən balaca Bəxtiyar müharibənin simvolu oldu...

08.11.2021 12:43 318 baxış
IMG

Bəxtiyar Heydərli Gəncə terroru zamanı dağılmış evlərinin qarşısında, Foto: Sputnik

Ötən il bu vaxt gözlər cəbhəyə dikilmişdi. Hər kəs nəfəsini çəkib, həyəcanla ölkə başçısının açıqlamalarını gözləyir və qəhrəman ordumuzun irəliləyişini izləyirdi. Digər tərəfdən erməni terrorçularının dinc əhaliyə qarşı hücumları səngimirdi. Oktyabrın 11-də gecə saat 2... Gəncə şəhərinə atılan raket çox sayda evi dağıtdı. Bu hava hücumu zamanı 10 nəfər şəhid oldu və 34 nəfər yaralandı. Terrorçular Azərbaycan xalqının iradəsindən, gücündən xəbərsiz idi. Azərbaycan xalqı itkilər bahasında da olsa, qarşısındakı məqsədə çatacaq, torpaqları işğaldan azad edəcəkdi.

Gəncəyə atılan raket balaca Bəxtiyarın yaşadığı evi də dağıtmışdı. Onu yaralı halda dayısı çıxarmışdı. Üzü-gözü qan içində olmasına baxmayaraq, gülümsəməsi balaca Bəxtiyarı Qarabağ müharibəsinin simvoluna çevirdi. Körpədir, 5 yaşı var. Hələ heç nə bilmirdi, hələ ölümün nə olduğunu anlamırdı. Qorxusuz idi Bəxtiyar.

Bəxtiyarın dayısı Miri Ali həmin günü belə xatırlayır: "Gecə saat 2-yə qalırdı hadisə baş verəndə. Mən bacımgillə qonşuyam. Mənim evim də dağıldı. Tez özümü bacımgilə çatdırdım. Hər kəs içəridə qalmışdı. Çıxa bilmirdilər. Qapını qırıb içəri girdim. Bəxtiyar çox pis xəsarət almışdı. Qan axırdı üz-gözündən. Qucağıma alıb Təcili Yardım avtomobilinə yerləşdirdim. Kənardan baxanda gördüm ki, kamera çəkir və Bəxtiyar qan içində olmasına baxmayaraq gülümsünürdü".

 

 Gəncə terroru zamanı yaralanmış Bəxtiyar Heydərli

Miri Ali deyir ki, "Bəxtiyarın o gülüşü bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı balacadan-böyüyə heç nədən qorxmayan xalqdı. Üzü-gözü qan içində olmasına, yaralı olmasına baxmayaraq Bəxtiyar gülümsünürdü. Ermənistanın acizliyinə, qorxaqlığına, xainliyinə gülümsünürdü. Sanki demək istəyirdi ki, "sizin gücünüz elə budur. Dinc əhalini gecə yatağında ikən öldürməyə cəhd etmək, öldürmək..."

Dayısı Bəxtiyarın gülən üzünü görəndə sevinmişdi, necə olduğunu soruşanda "yaxşıyam" deməsi bir qədər də sakitləşdirmişdi Mirini.

"Bəxtiyar həmin günü heç vaxt unutmaz, unuda bilməz. Biz qoymarıq unutsun. Çünki o, düşmənini tanımalıdır. Bu gün Bəxtiyardan "böyüyəndə kim olacaqsan?" soruşanda düşünmədən "Mən Polad Həşimov olacağam" deyir" - deyə Miri Bəxtiyar haqqında danışır.

Artıq Bəxtiyar məktəbə gedir. Hamı onu "balaca qəhrəman" deyə tanıyır. O da hər kəsə böyüyəndə Polad Həşimov olacağını bildirir.

"Onu hamı tanıyır. Bakıda da, Gəncədə də. Hamı görən kimi onunla şəkil çəkdirir. Düzdür, gərək bunu yaşamayaydıq. Qonşularımız şəhid oldu, minlərlə şəhid verdik. Amma sevinirik ki, müharbə qələbə ilə sona çatdı. Və sevinirəm ki, 44 günlük müharibənin simvolu Bəxtiyar oldu" - deyə dayısı danışır.

Bəli, bu gün sosial şəbəkələrdə Bəxtiyar Heydərli ilə general Polad Həşimovun şəklini birləşdirərək, müharibə simvolu kimi təqdim edilir. İnsan nə keçmişini, nə də gələcəyini unutmamalıdır. Bəxtiyar da unutmayacaq, nə yaşadıqlarını, nə bunu ona yaşadanları.

İllər keçəcək, işğaldan azad olunmuş torpaqlarımızda yenidən həyat canlanacaq. Bəxtiyar da böyüyəcək. Ancaq onun qanlar içində gülümsünən üzü heç bir zaman yaddaşlardan silinməyəcək.

Bax, namərd düşmən biz buyuq, biz sənin qarşından qaçmırıq. Bizim körpələrimiz belə, qan içində gülümsəməyi bacarır. Şəhid verə bilərik, göz yaşlarımıza boğula bilərk, amma sənin qarşında əyilmərik!

İlahin, Bizimyol.info

Xəbər lenti