Logo

Prezident təqaüdçüsü: “Hədəfim BANM-ə daxil olmaq idi”

03.11.2021 22:04 459 baxış
IMG

Prezident təqaüdçüsü Oğuz Həsənli 2004-cü ildə Naxçıvan MR Culfa rayonunun Bənəniyar kəndində doğulub. Bənəniyar kənd tam orta məktəbini Fərqlənmə attestatı ilə bitirib. 676.7 balla Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olunub.

- Bakı Ali Neft Məktəbi ilə tanışlığınız necə oldu?

- 11-ci sinfdə oxuyanda universitetləri araşdırmağa başladım. Təhsil və tədrisin keyfiyyəti baxımından BANM-in ən yaxşı ali məktəb olması qərarına qəldim. Bütün hazırlıqlarım da məhz BANM-ə daxil olmaq məqsədi daşıyırdı. Uşaqlıdan kompüterə çox böyük marağım olub. Ona görə də elə BANM-in Proseslərin avtomatlaşdırılması ixtisasını seçdim.
 
- Qəbul imtahanlarına necə hazırlaşırdınız?

- Orta məktəbdə əlaçı olmuşam. Qavrama qabiliyyətim, zehnim yaxşıdır, istənilən mövzunu asanlıqla anlayır və yadımda saxlaya bilirəm. Gündə 2-3 saat məşğul olmaq mənə bəs edirdi. Əvvəlki illərin test sualları ilə də məşğul olurdum. Asudə vaxtlarımı mahnıya qulaq asmaqla, filmlərə baxmaqla keçirirdim.  Voleybol, şahmat oynamağı sevirəm.
 
- Prezident təqaüdçüsü olacağınızı gözləyirdiniz?

- Prezident təqaüdçüsü olmağı qarşıma məqsəd qoymuşdum. Qəbul imtahanlarında topladığım bala əsasən Prezident təqaüdsüçü olacağımı təxmin edirdim. Məktəb direktorumuz zəng edib təbrik edəndə anladım ki, Prezident təqaüdçüsü olmuşam. Sevincimin həddi-hüdudu yox idi.
 
- Yüksək bal toplamaq, Prezident təqaüdçüsü olmaq istəyən abituriyentlərə nə məsləhət görürsünüz?

- İlk növbədə mövzunu tam anlayana kimi oxusunlar, heç bir tapşırığı yarımçıq qoymasınlar. Bildiklərinə əmin olana qədər tapşırğın üzərində işləsinlər. Sınaq imtahanlarında çox iştirak etsinlər, test tapşırıqlarını etmək vərdişi yaratmaq vacibdir. Ancaq həddən artıq yorulmağa ehtiyac yoxdur. Önəmli olan günü planlamaqdır. Gün ərzində hansı fənni nə qədər oxumalıdırlar, nə qədər test işləməlidirlərsə planlasınlar. Oxumaq, istirahət, yemək, yatmaq vaxtlarını rejimə salmaq önəmlidir. Mütləq istirahətə vaxt ayırsınlar.
 
- Dərslər, tələbə həyatı barədə təəssüratlarınız necədir?

- Dərslərin başlaması az müddət olsa da artıq ingilis dilində xeyli irəliləyiş əldə etmişəm. BANM-də oxumaq asan deyil. Amma çalışırıq öhdəsindən gələk. Yüksək səviyyədə təhsil almaq üçün bütün çətinliklərə qatlaşmaq lazımdır.  
 
- Gələcək planlarınız varmı?

- Hələ ki, məqsədim dərslərimdə əlaçı olmaq və BANM-dən uğurlu tələbə kimi məzun olmaqdır. Magistratura təhsilimi xaricdə oxumaq barədə düşünürəm. Sonra isə SOCAR-da işləmək istərdim.

Xəbər lenti