Logo

Prezident təqaüdçüsü: “Bakı Ali Neft Məktəbinin tələbəsi olmaqla, həm də qardaşımın arzusunu yerinə yetirdim”

02.11.2021 21:22 367 baxış
IMG

Prezident təqaüdçüsü Ruslan Murtuzov 2004-cü ildə Sumqayıt şəhərində doğulub. Sumqayıt şəhər "İstedad" liseyindən Fərqlənmə attestatı ilə məzun olub. Qəbul imtahanlarında 691.2 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olunub.  

- Özünüz haqqında məlumat verməyinizi xahiş edirik.

- Sumqayıt şəhərində yaşayıram. Atam bağban, anam evdar xanım, özümdən böyük qardaşım ingilis dili müəllimidir.
 
- Bakı Ali Neft Məktəbi ilə tanışlığınız necə oldu?

- Buranın həm təhsil və tədrisin keyfiyyəti, həm də perspektivləri baxımından yüksək səviyyəli Ali Məktəb olduğu barədə çox eşidirdik. Qardaşım da BANM-in tələbəsi olmağı çox istəyirdi. Lakin balı çatmadı və başqa ali məktəbə daxil oldu. Sonra mənə məsləhət gördü ki, bura hazırlaşım. Mən həm öz, həm də qardaşımın arzusunu yerinə yetirmək üçün BANM-ə daxil olmağı qarşıma hədəf qoydum. Bura daxil olmaqla həm də qardaşımın arzusunu yerinə yetirdim.
 
- Qəbul imtahanlarına necə hazırlaşırdınız?

- Əsas qarşıya məqsəd qoymaq və intensiv şəkildə bu hədəfə doğru irəliləməkdir. Təbii ki, yüksək nəticə əldə etmək üçün çox çalışmaq, yeri gəldikdə yuxusuz da qalmaq lazımdır. Gündə 6-7 saat dərslərimlə məşğul olurdum. İstirahətimə də vaxt ayırırdım. Musiqi dinləməklə, müəyyən əyləncə vasitələri ilə özümü motivasiya edirdim. Kitab oxumağı, şahmat oynamağı, futbol oynamağı sevirəm. Çalışırdım ki, dərslərdən bezməyim, yorulmayım. Əsas odur ki, müəllimlərin verdiyi tapşırıqları vaxtlı-vaxtında, düzgün yerinə yetirəsən.
 
- Qəbul imtahanı necə keçdi?

- İmtahan ab-havası başqadır və buna da hazırlaşmaq lazımdır. İlk növbədə məsləhət görərdim ki, abituriyentlər sınaq imtahanlarında çox iştirak etsinlər. Sınaq imtahanları birbaşa imtahana hazırlayır. Bu yolla insan həm də özünə stimul verir. Nəticədə imtahanda həyəcana qalib gəlmiş olursan. Mən də sınaq imtahanlarında çox iştirak etmişdim. Ona görə də həyəcanım yox idi. İmtahana daxil olandan sonra tamamilə suallara diqqətimi cəmlədim.
 
- Prezident təqaüdçüsü olmaq necə bir hissdir?

- Hədəfim yüksək bal toplamaq idi. 691 bal toplayanda isə anladım ki, ilk altılıqdayam və Prezident təqadünə düşürəm. Lakin buna baxmayaraq, adımı cənab Prezidentin Sərəncamında görəndə bütün ailəmiz çox sevindik. Qohumlar, dost-tanışlar zəng edib təbrik etdikdə insanın sevinci birə-beş artır.
 
- Gələcək üçün hədəflər müəyyən etmisinizmi?

- Kompüter və texnologiya perspektivli sahədir. Çox sevinirəm ki, BANM-in İnformasiya təhlükəsizliyi ixtisasını seçmişəm. Bakalavr səviyyəsini uğurla başa vurduqdan sonra ya BANM-də, ya da xaricdə magistratura təhsili almaq istəyirəm. Sonra isə ixtisasım üzrə nüfuzlu şirkətlərdən birində çalışmağı arzulayıram.
 
- Ali Məktəbdə dərslərlə bağlı təəsüratların necədir?

- İlk ay adaptasiya ayıdır, ona görə də öyrəşməyə çalışırıq. Təbii ki, buradakı çətinliklərimizin də bəhrəsini görəcəyik. Ali məktəb ab-havası orta məktəbdən fərqlənir. Burada oxumaqla yanaşı, özünü inkişaf etdirməlisən. Müəllimlər də bizə hər baxımdan dəstək olmağa çalışırlar. Amma təbii ki, ən çox, ən böyük yük tələbələrin öz üzərinə düşür. Ali məktəbdə hər kəs lider olmağa çalışır. Bunun üçün rəqabətə davamlı olmaq lazımdır. Artıq tələbə yoldaşlarımızla bir-birimizə öyrəşmişik. Auditoriyada və auditoriyadan kənar söhbətləri ingilis dilində edirik. Çünki qrupumuzda elə tələbələr var ki, yeganə ünsiyyət vasitəmiz ingilis dilidir. Bununla həm ingilis dilində danışıq, ünsiyyəti təkminləşdirmiş oluruq, həm də dostluq əlaqələri qururuq.

Xəbər lenti