Logo

Prezident təqaüdçüsü: “Bakı Ali Neft Məktəbinə daxil olmaq ən böyük hədəfim idi”

30.10.2021 11:33 407 baxış
IMG

Esmira Fərziyeva 2004-cü ildə Yardımlı rayonunun Dəlləkli kəndində doğulub.  Abşeron rayonu Saray qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə təhsil alıb. Qəbul imtahanında 688,2 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına daxil olub. Prezident təqaüdçüsüdür.

-BANM-ə istəyiniz necə yarandı?
 
-Bu Ali Məktəb barədə məlumatı ilk dəfə “Abituriyent” jurnalında görmüşdüm. Orada bir şüar qeyd edilmişdi: “Biz iş axtarmırıq, iş bizi axtarır”. Bu şüar diqqətimi cəlb etdi. Sonra araşdırıb gördüm ki, BANM-in məzunlarının işlə təmin olunma göstəricisi 100%-dir. Burada təhsil səviyyəsi də çox yüksəkdir. Müəllimlərim də bu Ali Məktəbi seçməyimi məsləhət görürdü.  Onların şagirdlərindən bu ali təhsil ocağının tələbələri, məzunları var idi və hər biri bura haqqında çox yaxşı sözlər deyirdilər. Ona görə də BANM-i seçdim.
 
-Təhsil aldığınız ixtisasla bağlı seçimi necə etdiniz?
 
- Mən qəbul imtahanlarına hazırlaşarkən ən böyük hədəfim Bakı Ali Neft Məktəbinə daxil olmaq idi. Buradakı bütün ixtisaslarda təhsilin yüksək səviyyədə olduğunu eşitmişdim. Qəbul imtahanlarında yüksək bal topladıqdan sonra ilk olaraq İnformasiya təhlükəsizliyi ixtisasını seçdim. Bu sahənin çox böyük perspektivlər təmin edən sahə olduğuna əminəm.
 
-Ali Məktəbə necə hazırlaşırdınız? Yüksək bal toplamaq istəyən abituriyentlərə nə məsləhət görürsünüz?
 
-Mən məktəbdə dərslərimi yaxşı oxumuşdum. Dərslərimə həmişə hazır olduğuma görə hazırlıq vaxtı çox çətinlik çəkmirdim. Bu müddətdə vaxtımı daha çox təkrarlara həsr edirdim. Yüksək bal toplamaq istəyən abituriyentlərə dərslərini sistemli oxumağı tövsiyə edirəm. Oxuduqlarını daha çox təkrar etsinlər.Amma əyləncələrinə də vaxt ayırsınlar. Maraqlı bədii əsərlər oxuya, idmanla məşğul ola bilərlər.
 
-Siz asudə vaxtınızı necə keçirirdiniz?
 
- Mən dərslərimdən başqa bədii kitablar oxuyurdum. Bu da mənim üçün asudə vaxtın faydalı dəyərləndirilməsi idi. Daha çox fantastik janrda əsərləri sevirəm.
 
-Artıq bir aydır ki, BANM-də dərsləriniz başlayıb. Ali Məktəb haqqında təəssüratlarınız necədir?
 
- Mən bura ilk gəlişimdən xüsusilə kollektivi sevmişdim. Qeydiyyat üçün Ali Məktəbə gələndə həm müəllimlər, həm işçi heyəti, həm tələbələr çox səmimi, mehriban qarşılamışdılar. Bu məndə xoş təəssürat yaratdı. Dərslərə gəlincə isə müəllimlərimiz çox tələbkardırlar. Çətin olsa da, çalışacağam yüksək göstərici əldə edim.
 
- Gələcək hədəfiniz nələrdir?
 
- Ən böyük hədəfim ali məktəbi uğurla başa vurub peşəkar mütəxəssis olmaq, yüksək səviyyədə ölkəmi təmsil etməkdir.

Xəbər lenti