Logo

“İşəgötürənlərlə birgə çalışan işçilər üçün ixtisasartırma və kadr hazırlığı təlimlərinin təşkili” layihəsi çərçivəsində “Avtomobil” istiqaməti üzrə təlimlər keçirilir

29.10.2021 13:29 343 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “İşəgötürənlərlə birgə çalışan işçilər üçün ixtisasartırma və kadr hazırlığı təlimlərinin təşkili” layihəsi uğurla davam edir.

Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində növbəti təlimlər “Avtomobil” istiqaməti üzrə “Performance center” Zərdabi satış və servis mərkəzində işəgötürənin təlimçisi tərəfindən praktiki məşğələlər formatında keçirilir. Həftə boyunca davam edəcək təlimdə Bakı, Sumqayıt, Bərdə, Göyçay, Şəmkir, Saatlı, Cəlilabad şəhərlərində fəaliyyət göstərən 18 nəfər peşə təhsil müəsissələrinin müəllim və istehsalat təlimi ustaları iştirakı edir.

Növbəti həftələrdə sənətkarlıq, turizm və tikinti sahələrində təlimlərin keçirilməsi nəzərdə tutulub.

Layihənin məqsədi beynəlxalq təcrübə əsasında iş yerlərində təlim, stajkeçmə mexanizminin yaradılması və fərqli iqtisadi sahələr üzrə fəaliyyət göstərən işəgötürən müəssisələrdə peşə təhsili sahəsində çalışan mühəndis-pedaqoji heyətin ixtisasartırma təlimini həyata keçirməkdir.

Hər bir işəgötürən müəssisə tərəfindən layihə boyunca təlimi həyata keçirən bir və ya bir neçə əməkdaşın təyin olunması və əlaqələndirici şəxs qismində çıxış etməsi məqsədəuyğun hesab edilir. Sözügedən layihə Bakı şəhərindən 100, regionlardan 70 müəllimin, həmçinin yeni təyinat alan yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris aparan 30 müəllimin cəlb edilməsini hədəfləyir.

Qeyd edək ki, layihə üzrə ilk təlimlər 27 sentyabr – 1 oktyabr 2021-ci il tarixlərində iki ixtisas – “Bərbər” və “Ərzaq və qeyri ərzaq malların satıcısı” ixtisasları üzrə həyata keçirilib.

Xəbər lenti