Logo

Ali tibb təhsili proqramına dair tələblər müəyyənləşir

29.10.2021 12:58 628 baxış
IMG

Ali tibb təhsili proqramına dair tələblər müəyyənləşir.

Tehsil.biz-in məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq “həkim” və “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcələri veriləcək. Əsas (baza ali) tibb təhsili (360 kredit) və stomatoloji tibb təhsili (300 kredit) müvafiq təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq həyata keçirilir, məzunlara müvafiq olaraq “həkim” və “stomatoloq” ali peşə-ixtisas dərəcələri veriləcək. Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən ediləcək. Ali təhsil müəssisəsi tərəfindən əsas (baza ali) tibb təhsili səviyyəsində təhsilin müddəti tələbələrin fərdi tədris planına uyğun olaraq dəyişdirilə bilər.

Ali tibb və stomatoloji təhsil proqramları həyata keçirilərkən təhsilin normativ müddəti ərzində ayrı-ayrı fənlər üzrə kreditlərin toplanması qaydası tələbələrin fərdi tədris planına uyğun olaraq ali təhsil müəssisəsi tərəfindən müəyyən ediləcək. Bu halda ali təhsil müəssisələri təhsil proqramında nəzərdə tutulmuş illik orta dərs yükü həddini və təlimin minimum məzmununu saxlamaqla, təhsil materialının mənimsənilməsinə ayrılmış saatların həcmini fənn bölümləri arasında 5 faiz, fənn bölümləri daxilində isə 20 faizə qədər dəyişə bilər. Əsas (baza ali) tibb təhsili səviyyəsində tədrisin təşkili ali təhsilin dövlət standartının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan Avropa Kredit Transfer Sistemi - AKTS) ilə həyata keçiriləcək.

Əsas (baza ali) tibb təhsilini bitirib “həkim” ali peşə-ixtisas dərəcəsi alan şəxslər təhsillərini rezidenturada davam etdirə bilərlər. Rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) tibb təhsili əsasında ali təhsilin “həkim-mütəxəssis” hazırlığı səviyyəsidir. Rezidenturanı bitirən məzunlara “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi veriləcək. Rezidenturada təhsil ali təhsilin dövlət standartına və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “həkim-mütəxəssis” ixtisasları üzrə aparılacaq. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti müvafiq ixtisas üzrə təhsil proqramı ilə müəyyən ediləcək və hər bir rezidentin hazırlığı onun fərdi iş planına müvafiq həyata keçiriləcək.

Azərbaycan Respublikasının vətəndaşları üçün rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçiriləcək. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya ödənişli əsaslarla qəbul olunacaqlar.

Əsas (baza ali) tibb təhsili və rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq. Rezidenturanı bitirmək doktoranturada təhsili davam etdirmək üçün əsas şərtdir. Rezidentlər təhsil aldıqları dövrdə əsas (baza ali) tibb təhsili əsasında qanunvericilikdə icazə verilən həkim vəzifələrində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər. (APA)

Xəbər lenti