Logo

BANM tələbəsi: “Prezidentimiz və Mehriban xanımın sadəliyini, səmimiliyini görəndən sonra həyəcanım azaldı”

29.10.2021 10:26 494 baxış
IMG

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Qubadlı rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak edənlərdən biri də Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Röya Qasımova olub. 
 
Tehsil.biz xəbər verir ki, Röyanın ailəsi Qubadlı rayonundan məcburi köçkün düşərək Sumqayıtda məskunlaşıb. O, 2004-cü ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıtda yerləşən Qubadlı rayon Cəlal Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunudur. Röya Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda 683,2 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi ixtisasına daxil olub. Prezident təqaüdünə layiq görülən 102 tələbədən biridir.
 
- Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüş barədə təəssüratlarınızı bölüşməyinizi istərdik.
 
- Mən əvvəl çox həyəcanlı idim, amma Prezidentimizin və Mehriban xanımın sadəliyini, səmimiliyini görəndən sonra həyəcanım azaldı. Onların mehribanlıqlarına, xoş rəftarlarına heyran qaldım. Onlar hər birimizlə səmimi şəkildə görüşdü, hamının fikirlərini dinlədilər. Prezidentimizə Bakı Ali Neft Məktəbində oxuduğumu və tələbələrimizin salamı olduğunu bildirdim. Prezident təqaüdünə layiq görüldüyüm üçün ona təşəkkür etmək fürsətim olmadı, amma Mehriban xanımla görüşdə təşəkkürümü bildirib, ali etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyimi dedim. Mehriban xanım bu təşəkkürümü Prezidentə çatdıracağını qeyd etdi. Görüşdə ali məktəbə hazırlıq dövrümüzün pandemiya zamanına düşməsinə baxmayaraq, Qubadlının azad olunmasının bizə motivasiya verdiyini də dedim.  
Mən həm ata-baba yurdumu, doğma torpaqlarımı gördüyümə, həm də Dövlət başçımızla, Birinci vitse-prezidentimizlə görüşdüyümə görə özümü çox xoşbəxt hiss edirəm
 
 - Doğma torpaqları görmək sizə hansı hisslər yaşatdı?
 
-Bizim ailədə hər kəs əslən Qubadlıdandır. Mən əvvəl heç vaxt Qubadlını görməsəm də, o torpağa hisslərim dərindir. Təbii ki, hər kəs kimi torpaqlarımızın azad olunması məni də çox sevindirdi. Mən və ailəm həmin günü böyük həsrətlə gözləmişdik. Nəhayət, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bizə həmin günün sevincini yaşatdı. Qubadlının azad olunmasının birinci ildönümündə heç vaxt görmədiyim, amma hər zaman eşitdiyim, doğmalarımın həsrətini çəkdiyi torpaqları görmək mənə sonsuz xoşbəxtlik bəxş etdi. Ailəmin üzvlərinin əsas məqsədi tezliklə Qubadlıya qayıtmaq, orada yaşamaqdır. Mən də təhsilimi başa vurduqdan, peşəkar mütəxəssis olaraq yetişdikdən sonra öz doğma-torpaqlarıma qayıdaraq, orada çalışmaq istəyirəm.
 
-Bakı Ali Neft Məktəbini seçməyinizə səbəb nə idi? Əvvəldən bu Ali Məktəb barədə məlumatınız var idimi?
 
- BANM haqqında kifayət qədər məlumatlı idim. I ixtisas qrupu üzrə ən yüksək bal toplayan abituriyentlərin buranı seçdiyini bilirdim. Mən ali məktəbə II ixtisas qrupu üzrə hazırlaşırdım. Bakı Ali Neft Məktəbinin bu qrup üzrə də tələbə qəbul etməyini arzulayırdım. Burada II qrupda Biznesin idarə edilməsi ixtisasının açıldığını eşidəndə çox sevindim və ilk olaraq seçimim BANM oldu. Bu ali təhsil ocağı həm Azərbaycanda, həm də Qafqazda ən yüksək səviyyəli universitetlərdən biridir.
 
-Biznesin idarə edilməsi ixtisasına marağınız necə yarandı?
 
-Biznesin idarə edilməsi demək olar ki, bir çox ixtisası əhatə edir. Bu sahəyə maliyyə, iqtisadiyyat, turizm, həm də marketinq daxildir. Bütün bu sahələri bir ixtisasda oxumağın böyük faydası var. O baxımdan mənim də bu sahəyə marağım oyandı və seçimim bu yöndə oldu.
 
-Ali məktəbə necə hazırlaşırdınız?
 
-Vaxtımdan çox məhsuldar şəkildə istifadə edirdim. Vaxtlı-vaxtında təkrarlar edir, müəllimlərin tapşırıqlarını yerinə yetirirdim. Bütün vaxtımı dərs oxuyaraq keçirdiyimi deyə bilmərəm, amma yuxarıda saydıqlarımı etməklə yüksək bal toplamağı bacardım.
 
-Ali məktəbə hazırlaşanlara, yüksək bal toplamağı hədəfləyənlərə nə məsləhət görürsünüz?
 
-Mənim abituriyentlərə tövsiyəm məqsədli olmalarıdır. Məqsədsiz uğur qazanmaq olmur. Bundan başqa, məsuliyyət də vacibdir. Məsuliyyətli olaraq, müəllimlərin tapşırıqlarını yerinə yetirərək yüksək bal toplamaq mümkündür.
 
-Gələcək hədəfləriniz nələrdir?
 
- Bakı Ali Neft Məktəbində təhsilimi başa vurduqdan sonra peşəkar mütəxəssis kimi Qubadlıda çalışmaq, doğma torpağıma fayda vermək istəyirəm.

Xəbər lenti