Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti Naxçıvan Dövlət Universiteti ilə birgə əcnəbi tələbələr üçün “Əcnəbilərin hüquqi vəziyyəti”nə dair növbəti maarifləndirici tədbir təşkil edib.
Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin prorektoru Xəyal Camalov və Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov muxtar respublikada bütün sahələrdə, o cümlədən təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışıblar. Bildirilib ki, muxtar respublikada tədrisin müasir standartlara uyğunlaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və yenidən qurulması, həmçinin təhlükəsizliyin və ictimai-siyasi sabitliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində reallaşdırılan məqsədyönlü tədbirlər əcnəbi tələbələrin muxtar respublikaya olan marağının və burada təhsil almaq niyyətinin daha da artmasına təşviq edir.
Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi Kənan Məmmədov əcnəbi tələbələrə müvəqqəti yaşamaq üçün icazənin verilməsi proseduru barədə ətraflı məlumat verib. Vurğulayıb ki, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində innovativ metodların tətbiqi, habelə şəffaflığın təmin edilməsi prinsiplərini prioritet kimi müəyyən edən Dövlət Miqrasiya Xidməti fəaliyyətini müasir tələblər səviyyəsində quraraq əcnəbilərin hüquqi təminatçısına çevrilib.
Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikaya təhsil almaq məqsədilə gələn əcnəbilər, həm də ölkədə yaşama hüququna malik olurlar. Eyni zamanda, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilən zaman tələbələr üçün güzəştlər də tətbiq olunur. Dövlət rüsumunun bu cür müəyyənləşdirilməsi ölkəmizdə əcnəbi tələbələrə göstərilən humanist mahiyyətin növbəti göstəricisi və nümunəsidir.
Xidmətin əməkdaşı Tural Bayramov əcnəbilərin muxtar respublika ərazisində olarkən olma və yaşama qaydalarının pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məqamlara toxunub, slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Universitetin Tibb fakültəsinin əczaçılıq ixtisasının II kurs tələbəsi Roshat Koçkaya muxtar respublikada onlar üçün yaradılan geniş imkanlardan və bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq, sənədləşmə prosesi və miqrasiya sahəsində yarana biləcək istənilən çətinlik qarşısında göstərdikləri köməyə görə əcnəbi tələbələr adından Dövlət Miqrasiya Xidmətinə təşəkkürünü bildirib.
Sonra bir qrup əcnəbi tələbəyə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim edilib. Tələbələrə xidmət tərəfindən hazırlanan bukletlər də təqdim olunub.
Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə suallar ətraflı cavablandırılıb və xidmət əməkdaşları tərəfindən müvafiq müraciətlər qəbul olunub.