Logo

Prezident təqaüdçüsü: “Bakı Ali Neft Məktəbi təhsil səviyyəsinə görə çox fərqlənir”

28.10.2021 08:04 1051 baxış
IMG

Elvina Əliyeva 2004-cü ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər B. Aslanov adına 16 nömrəli tam orta məktəbin məzunudur. Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda 689,6 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına daxil olub. O, topladığı bala görə Şirvan şəhəri üzrə ən yüksək nəticə göstərib. Prezident təqaüdçüsüdür. Elvina informasiya təhlükəsizliyi sahəsində atası kimi peşəkar mütəxəssis olmaq istəyir.

 
- Bakı Ali Neft Məktəbinə marağınız necə yarandı?
 
- Məni Bakı Ali Neft Məktəbinə ilk yönləndirən insan atam olub. O, bu Ali Məktəblə çox maraqlanıb. Mən I ixtisas qrupuna hazırlaşmağa başlayandan atam mənə BANM haqqında mütəmadi məlumatlar verirdi. Bu məlumatlar məndə də maraq oyatdı və özüm də araşdırmağa başladım. Araşdırmalarım da göstərdi ki, həqiqətən də Bakı Ali Neft Məktəbində təhsil səviyyəsi digər universitetlərdən daha yüksəkdir.
 
- Qəbul olduğunuz İnformasiya təhlükəsizliyi ixtisası seçimini necə etdiniz?
 
- Ali Məktəbə olduğu kimi, seçdiyim ixtisasa da marağımı atam yaradıb. Atam informasiya təhlükəsizliyi sahəsində mənim üçün nümunədir. O da bu peşənin sahibidir. Mən də onun kimi bu sahədə peşəkar müxəxəssis olmaq istəyirəm.  Ona görə bu ixtisası seçmişəm.
 
-Yüksək bal toplamaq istəyən abituriyentlərə nə məsləhət görərdiniz? 
 
-İmtahanlara hazırlaşarkən öz üzərimdə çox işləyirdim. Abituriyentlərə də əsas məsləhətim dərslərə sistemli, proqramlı çalışmaqdır. Bu, ən vacib amillərdəndir. Əgər sistemli çalışmasaq, səmərəli olmayacağıq, keçirdiyimiz vaxt hədər gedəcək. Bundan başqa, abituriyentlərə də imtahan günü çox həyəcanlı olmamağı məsləhət görərdim. Həmin gün stress keçirməməyə çalışsınlar. Stress imtahana ən çox mane olan amillərdən biridir. Mən də imtahan günü əksər abituriyent kimi çox həyəcanlı idim.Həyəcan əslində normaldır, amma gərək həyəcanımızı düzgün idarə edə bilək.
  
- Adınızı Prezident təqaüdçüləri siyahısında  görəndə keçirdiyiniz hissləri bölüşməyinizi istərdik.
 
- Qəbul imtahanlarının cavabları üzrə siyahıya baxanda Prezident təqaüdünə layiq görüldüyümü təxmin edirdim. Amma o Sərəncamda adını görmək xüsusi hissdir. Sərəncam açıqlanarkən siyahıda adımı görəndə sevincimi ifadə etməkdə çətinlik çəkirəm.  Ölkədə ən yaxşı 102 nəfər arasında olmaq qürurvericidir. 

- Artıq dərslərə başlamısınız. Buradakı təhsili necə dəyərləndirirsiniz? 
 
- Burada təhsilin keyfiyyəti çox yüksəkdir. Müəllimlərimiz peşəkar və tələbkardırlar. İstər İKT, istərsə də ingilis dili dərslərimiz yüksək səviyyədə tədris olunur. Bu Ali Məktəbdə təhsil almaqdan çox məmnunam.
 
- Gələcək hədəfiniz nələrdir?
 
- Gələcəkdə magistratura pilləsi üzrə təhsilimi davam etdirməyi hədəfləyirəm. İstərdim ki, xaricdə magistratura üzrə ən tanınmış universitetlərdən birində təhsil alım. Daha sonra ölkəyə qayıdıb informasiya təhlükəsizliyi sahəsində peşəkar mütəxəssis olmaq istəyirəm.

Xəbər lenti