Logo

SDU-nun professoru Məhəmməd Əhmədovun 75 illik yubileyi qeyd olundu

27.10.2021 15:16 307 baxış
IMG

Alim ömrü şam işığı kimidir, onun tək bənzərsiz və titrəkdir.

Bu, tonqaldan çıxan gur və parlaq, hər tərəfi yaxa bilən alov dilləri deyil, məhz ehtiyatla, aramla, səbrlə qaranlıqlara sinə gərib ətrafına nur parlayan bir gözəllikdir. Belə gözəllikdən doymaq olmur. Alim ömrü incədir, əslində, heç bizim adi mənada qəbul etdiyimiz ömür deyil, yalnız xalqına, xalqın övladlarına xidmət üçün Tanrıdan ona verilmiş bir möhlətdir. Azərbaycanlı alimi məfhumu, məncə, tək elmdən deyil, həm də millətinin yüksək mənəvi-əxlaqi dəyərlərindən yoğrulmuş bir anlayışdır. Belə alimlərimiz millətin qürur yeri, and mənbəyidir.

Bu adı şərəflə daşıyan müəllimlərdən biri də Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının məsləhətçi professoru Məhəmməd Əhmədovdur. Məhəmməd müəllim sadə, mehriban, təvazökar, xeyirxah, ciddiliyi sevən bir alimdir. O, işgüzar, öz işini ürəkdən sevən və tələbələrin, ictimaiyyətin rəğbətini qazanan, sevib-seçdiyi peşəyə qəlbən bağlanan müəllimlərimizdən biridir.

Bu gün Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının məsləhətçi professoru Məhəmməd Əhmədovun anadan olmasının 75 illik yubileyi qeyd olunur.

Universitetin rektoru professor Elxan Hüseynov alimin həyat yoluna nəzər salaraq onun elmi fəaliyyəti barədə geniş məlumat verdi. Məhəmməd Əhmədovun uzun illər Sumqayıt Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərdiyini, Mühəndislik sahəsində yeni istiqamət yaratmış qabaqcıl alim kimi qiymətləndirən rektor eyni zamanda onun gözəl mütəxəssis, tələbə və alimlər yetişdirən əsl ziyalı olduğunu vurğuladı.

Rektor çıxışının sonunda “Uzunmüddətli və səmərəli elmi-pedaqoji fəaliyyətinə, universitetin ictimai işlərində fəal iştirakına görə və anadan olmasının 75 illik yubileyi munasibətilə” İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının məsləhətçi professoru Məhəmməd Əhmədova Fəxri fərman və pul mükafatı təqdim etdi.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev və digərləri Məhəmməd Əhmədovun İnformasiya texnologiyaları sahəsinə verdiyi töhfələrdən danışdılar, onun keçdiyi şərəfli ömür yolundan söz açaraq, alimlə bağlı xatirələrini bölüşdülər.Qeyd etdiər ki, Məhəmməd müəllim təbiətcə çox xeyirxah, nikbin və sözünü açıq deyən mərd insandı. Fakültə həyatında onun xüsusi, təkrarsız yeri, mövqeyi var. İstedadlı gənclərə hər cür şərait yaratmaqla layiqli alim ordusu yetişdirir.Ömrünün böyük bir hissəsini informasiya və texnologiyanın tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən alim onlarla dərslik və dərs vəsaiti və çoxsaylı elmi məqalənin müəllifidir.

Sonda Məhəmməd Əhmədov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə universitetin rektoru professor Elxan Hüseynova və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Bir daha hörmətli Məhəmməd Əhmədovu 75 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

 

Xəbər lenti