Logo

18 tələbə Mövsüm bəy Xanlarov təqaüdünü qazanıb

27.10.2021 11:14 337 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri üçün Mövsüm bəy Xanlarov adına təqaüdün bu ilki qalibləri müəyyən olunub.  

Təqaüd bakalavr pilləsində hər ixtisasdan 3 nəfər olmaqla, II, III və IV kurslarda təhsil alan 12 nəfər və magistratura pilləsində hər ixtisasdan 2 nəfər olmaqla, II kursda təhsil alan 6 nəfər UFAZ tələbəsi üçün nəzərdə tutulur.  

Tələbələrin stimullaşdırılması və onlara maddi yardımın göstərilməsi məqsədilə verilən təqaüd qaliblərini Strasburq Universitetinin professoru Pierre Colletin rəhbərlik etdiyi münsiflər heyəti müəyyənləşdirib. Seçim 2020/2021-ci tədris ilində hər ixtisas üzrə ən yaxşı nəticə göstərmiş tələbələr arasında aparılıb.  

Qeyd edək ki, Mövsüm bəy Xanlarov 1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında 26 yaşında doktorluq dissertasiyasını uğurla müdafiə edərək, müasir dillə desək, kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. Məhz bu səbəbdən UFAZ-da Strasburq Universitetində doktorluq adını qazanmış ilk azərbaycanlı olan Mövsüm bəy Xanlarov adına təqaüd 2019-cu ildən təsis edilib.   

Mövsüm bəy Xanlarov adına təsis edilmiş təqaüdün məbləği bakalavr səviyyəsi üçün 130 manat, magistratura pilləsi üçün isə 150 manatdır. Təqaüd bir tədris, 1 iyul 2021-ci ildən 31 yanvar 2022-ci il tarixinədək olan müddəti əhatə edəcək. Təqaüdün ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Mövsüm bəy Xanlarov təqaüdünün təyin olunması təqaüdçünün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər təqaüdləri almaq hüququnu istisna etmir. 

Bu barədə UFAZ-dan bildirilib.

Xəbər lenti