Logo

"Təhsil ocaqlarını bağlamaq həll yolu deyil" - Qoşqar Məhərrəmov

27.10.2021 08:47 482 baxış
IMG

"Ölkə səviyyəsində verilən bir qərar hamının ehtiyaclarını qarşılamalıdır".

Tehsil.biz xəbər verir ki, bunu News24az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib.

O bildirib ki, məktəblərin tam qapanması doğru deyil:

“Biz lokal hərəkət etmək məcburiyyətindəyik. Bütün məktəblərin bağlanması ucqar kəndlərdəki 5 və ya 20 şagirdi olan məktəblərin distant təhsilə keçməsi anlamına gəlir. Qeyd etdiyimiz kateqoriyadan olan məktəblərdə təhsil alan şagirdlərin bir çoxunda internet yoxdur, onlar planşet və kompüterə sahib deyillər. Beləliklə, tam qapanma ilə regionlarda iqtisadi gəlirləri aşağı olan insanları təhsildən qoparmış olacağıq. Aydındır ki, lokal qapanmaların da çətin tərəfləri var. Məsələn, şagirdlər distant və əyani təhsil arasında get-gəl edirlər. Bu da onların psixologiyasına neqativ təsir edir. Ancaq nəzərə almalıyıq ki, pisdən daha pisi var. Hazırda başqa çıxış yolu yoxdur”.

Ekspert hesab edir ki, məktəblər tamamilə onlayn təhsilə keçdiyi zaman şagirdlərin təhsilə əlçatanlığı xeyli azalır:

“Beynəlxalq təşkilatlar belə qərara gəliblər ki, məktəblər qapadılmasın. Bioloji baxdığımız zaman bu virusun mutasiya etməyini gözləyirik. Biz 1 ildən çoxdur ki, evdə oturduq. Ancaq virus yoxa çıxmadı. Deməli, bütün müəssisələri, iaşə obyektlərini, təhsil ocaqlarını bağlamaq həll yolu deyil. Qapanma çıxış yolu olmadığı halda niyə bu yoldan istifadə edək? Nə qədər kədərli olsa da immuniteti güclü olanlar sağ qalacaq, virus isə bədənlərdə mutasiyaya uğrayıb dəyişəcək”. 

Xəbər lenti