Logo

Pakistanın Müasir Dillər Universitetində Vətən müharibəsinə həsr olunmuş sərgi açılıb

26.10.2021 23:09 209 baxış
IMG

Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin təşkilatçılığı ilə Pakistanın Müasir Dillər Universitetində tələbələr üçün Vətən müharibəsinə həsr edilmiş sərgi təşkil olunub.

Tehsil.biz xəbər verir ki, sərgidə 30 ilə yaxın erməni işğalının nəticələri, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın törətdiyi təxribatlar, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək əks- hücum əməliyyatlarına başlaması, torpaqlarımızın işğaldan azad olunması, azad edilən torpaqlarda aparılan bərpa və quruculuq işləri ilə bağlı fotoşəkillər göstərilib.

Sərginin açılışından sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov universitetin tələbələri üçün “Azərbaycan-Pakistan münasibətləri və Azərbaycanın Vətən müharibəsi” mövzularında mühazirə oxuyub.

Mühazirə zamanı Azərbaycan-Pakistan münasibətlərinin tarixinə nəzər salan səfir iki ölkə arasındakı tarixi və mədəni köklərə dayanan əlaqələrimiz haqqında ətraflı məlumat verib. Ölkələrimiz arasındakı mövcud səmimi münasibətlərdən danışan səfir Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli formatda, həm də beynəlxalq müstəvidə hər zaman dəstəklədiyini vurğulayıb.

X.Fərhadov ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs edib.

Azərbaycanın 44 günlük Vətən müharibəsindən söz açan səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Silahlı Qüvvələrinin 30 ilə yaxın erməni işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad etdiyini diqqətə çatdırıb. X.Fərhadov Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, həmçinin İslam dəyərlərini, irsini məhv etməsi yönündəki fəaliyyəti, o cümlədən məscidlərimizi təhqir etməsi və dağıtması barədə danışıb.

Səfir Qarabağda aparılan sürətli və geniş bərpa-quruculuq işlərindən bəhs edib. O, Pakistanın Vətən müharibəsində Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi də xüsusi qeyd edib və Pakistan Hökumətinə, Parlamentinə və xalqına təşəkkürlərini çatdırıb.

Tədbirdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Tədbir zamanı 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib, eləcə də Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını və turizm potensialını, həmçinin Vətən müharibəsini özündə əks etdirən müxtəlif kitablar, bukletlər və digər əyani materiallar yayılıb.

Xəbər lenti