Logo

Prezident təqaüdçüsü: “Biznes sahəsində Azərbaycanı dünyada təmsil etmək ən böyük məqsədimdir”

26.10.2021 22:07 624 baxış
IMG

Prezident təqaüdçüsü Həmid Həşimzadə 19 fevral 2004-cü ildə Bakı şəhərində doğulub. 245 nömrəli tam orta məktəbin məzunudur. Qəbul imtahanında 681.9 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi ixtisasına daxil olub. Musiqi və yazıçılıqla məşğul olan Həmidin ən böyük arzusu Azərbaycanı biznes sahəsində dünyada təmsil etməkdir.    

- Bakı Ali Neft Məktəbində təhsil almaq istəyi necə yarandı?
 
- Bakı Ali  Neft Məktəbi hər zaman ailəmizin diqqət mərkəzində olub. Tez-tez buranın tələbələri ilə rastlaşırdıq, onların Azərbaycanda və xarici ölkələrdəki uğur və nailiyyətləri haqqında eşidirdik. Bunlar bizi həvəsləndirirdi. Amma mən ali məktəbə II ixtisas qrupu üzrə hazırlaşırdım. Ona görə də təəssüflənirdik ki, BANM-də II qrup üzrə ixtisas yoxdur. Ancaq xoşbəxtlikdən BANM-də II qrup üzrə Biznesin idarə edilməsi ixtisası açıldı. Mən də düşünmədən buranı yazdım və elə bu ixtisas üzrə də BANM-in tələbəsi oldum.
 
- Biznesin idarə edilməsi ixtisasına maraq necə yarandı?
 
- Biznesin idarə edilməsi qədim sahədir, insanlar yaranandan bu sahə var, bütün dövrlərdə aktualdır. Düşünürəm ki, özümün də bu sahəyə uyğun xüsusiyyətlərim, xarakterim mövcuddur. Ona görə də bu peşədə uğurlu olacağıma inanıram.
 
- Yüksək bal toplamaq istəyən şagird və abituriyentlərə nə məsləhət görürsünüz?

- Hər zaman seçilmək, irəlidə olmaq haqqında düşünürdüm. Anladım ki, əgər mən ali məktəbə yüksək balla daxil olsam, məqsədlərimə çata bilərəm. Düzdür, çox çətin oldu, amma bugünkü mövqeyimə və hazırkı Həmidə baxdıqda, adımı cənab Prezidentin sərəncamında gördükdə, -“yaxşı ki, o çətin yoldan keçdim” deyirəm.  
 
- Çətinlikləriniz nələr oldu?

- Gecə-gündüz çalışırdım, hətta yuxusuz qaldığım gecələr olub. Proqramlar çox ağır idi. Bundan başqa, həm pandemiya şəraitində idik, həm də 44 günlük Vətən müharibəsi yaşadıq. Belə çətin bir vəziyyətdə dərslərimi yaxşı oxumağa, məqsədimə çatmağa çalışırdım. Sevinirəm ki, bunu bacardım.
 
- Hansı maraq və məşğuliyyətləriniz var?

- Musiqi ilə məşğulam, gitara təhsilim var. Üç ildir peşəkar səviyyədə gitara çalıram. Bundan əlavə, yazıçılıqla məşğulam, şeirlər yazıram. Üç kitabın müəllifiyəm. Uşaqlar üçün macəra kitabım çap edilib. Digər iki kitabımın üzərində işlər gedir. Bu kitablar isə psixoloji, şəxsi inkişaf mövzularındadır.
 
- Gələcək hədəfləriniz nədir?

- Biznes sahəsində Azərbaycanı dünyada təmsil etmək ən böyük məqsədimdir. Yazıçılıq isə sadəcə mənim peşəkar hobbimdir.

Xəbər lenti