Logo

Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisasının tələbələri ilə görüş keçirilib

26.10.2021 21:58 293 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisasına bu il qəbul edilmiş tələbələrlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Universitetin rektoru, dosent Elbrus İsayev çıxışında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fakültəyə uğurla hamilik etdiyini, tələbələrin ixtisas təcrübəsi qazanmaları üçün hərtərəfli şərait yaradıldığını, nəzəri-təcrübi əhəmiyyətli birgə tədbirlərin həyata keçirildiyini qeyd edib.

Rektor bildirib ki, həyata keçirilən bu tədbirlər universitet məzunlarının gələcək əmək fəaliyyətlərinin təşkili, onların müvafiq sahələr üzrə peşəkar mütəxəssis kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev diqqətə çatdırıb ki, ötən müddət ərzində nazirlik ilə Naxçıvan Dövlət Universiteti arasında işgüzar əlaqələr genişləndirilib, müvafiq ixtisas üzrə təhsil alan tələbələrin hər il ənənəvi olaraq nazirliyin aparatında və struktur qurumlarında istehsalat təcrübəsi keçməsi təmin olunub.

Əsasını Sosial iş ixtisasının tələbələrinin təşkil etdiyi “Sosial könüllülük” layihəsindən də danışan Nicat Babayev qeyd edib ki, artıq bu layihənin dördüncü mərhələsinin seçimlərinə başlanılıb.

Nazir fakültəyə yeni qəbul edilmiş tələbələrə uğurlar arzulayıb.

Görüşdə müvafiq ixtisas üzrə məzun olmuş və hazırda nazirliyin strukturunda işləyən dövlət qulluqçusu Nadim Nəcəfov müvafiq sərəncamın tələbələr üçün əhəmiyyətindən danışıb, yaradılan şəraitə görə gənclər adından minnətdarlığını bildirib.

Tələbələrə nazirlik və onun strukturuna daxil olan təşkilatların fəaliyyət istiqamətləri haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisasının məzunlarından 9 nəfər əmək fəaliyyətini hazırda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində davam etdirir.

Xəbər lenti