Logo

Daxili müsahibələrin yeni qaydalara əsasən təşkili mövzusunda DİM tərəfindən onlayn təlim keçirilib

26.10.2021 18:28 351 baxış
IMG

Məlum olduğu kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 16 iyul 2021-ci il tarixli Qanununa əsasən, dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması ilə bağlı Mərkəzin internet portalında daxili müsahibə elanı verilir və namizədlər iddia etdikləri vəzifələrə onlayn qaydada qeydiyyatdan keçərək müvafiq sənədləri təqdim edirlər.

Bundan əlavə, qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslərə də daxili müsahibələrdə iştirak etmək hüququ verilmişdir. Onu da qeyd edək ki, bu vəzifələrin tutulması ilə bağlı müsahibə zamanı yalnız həmin dövlət orqanının nümayəndələri daxil edilən 3 nəfərdən ibarət tərkibdə komissiya yaradılır.

Yuxarıda qeyd olunan vəzifələrə iddia edən namizədlərlə müsahibələrin keçirilmə qrafikinin təyini və müsahibələrin təşkilini (müsahibənin vaxtını və yerini, müsahibədə iştirak edəcək komissiya üzvlərinin təyin edilməsi) dövlət orqanları tərəfindən vahid platforma üzərindən həyata keçirmək üçün “Vəzifələrin İdarəedilməsi Sistemi”ndə (VİS) edilən müəyyən əlavə və dəyişiklikləri dövlət orqanlarının məsul şəxslərinə təqdim etmək məqsədilə 26 oktyabr 2021-ci il tarixində “Zoom” platforması vasitəsilə onlayn görüş təşkil edilmişdir.

Görüşdə 30.09.2021-ci il tarixli daxili müsahibə elanına vakansiyalarını təqdim etmiş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən nümayəndələr iştirak edib.

Mərkəzin E-imtahanlar və müsahibələrin təşkili departamentinin Müsahibələrin təşkili şöbəsinin müdiri Xədicə Əzimova və E-imtahanların təşkili sektorunun baş məsləhətçisi Gülmirə İsayeva tərəfindən iştirakçılara müsahibə qrafikinin təyini və müsahibələrin təşkili, VİS platformasından istifadə və “Onlayn Müsahibə Sistemi” vasitəsilə müsahibələrin qiymətləndirilməsi qaydaları haqqında ətraflı məlumat verilib və sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti