Logo

Niyə soyuq aylarda daha çox xəstələnirik? - Həkimdən AÇIQLAMA

26.10.2021 17:32 291 baxış
IMG

Həkim Ülviyyə Hacıyeva mövsümi virus infeksiyalarından qorunmağın yollarını göstərir

Uşaqlarda rast gəlinən xəstəliklərin bir qismi mövsümi xarakter daşıyır. Yaz-yay aylarında adətən immunitet güclənir, orqanizm möhkəmlənir. Payız və qışda isə daha çox problemlər özünü büruzə verməyə başlayır, soyuqdəymə, allergik xəstəliklər narahatlıq doğurur. Xüsusilə immun sistemi zəif olan uşaqların səhhətində arzuolunmaz hallar müşahidə edilir. 

Tehsil.biz xəbər verir ki, bu məsələyə ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Ülviyyə Hacıyeva aydınlıq gətirib:

“Mövsümi xəstəliklər problemi təcrübəli həkimlərin daim diqqət mərkəzindədir. Bu xəstəliklərin əksəriyyəti soyuq mövsümlərdə artan kəskin respirator virus infeksiyalarıdır ki, (KRVİ) mövsümi xəstəliklərin 90 faizini təşkil edir. Statistikaya əsasən, yetkinlik yaşına çatan hər bir şəxs il ərzində ən azı 2 dəfə qrip və ya başqa KRVİ keçirir, uşaqlarda isə bu göstərici 6-8 dəfəyə çata bilər. Mülayim bölgələrdə aparılan epidemioloji araşdırmalara görə, respirator virusların bir çoxunun yayılmasında əsas səbəb mövsümi dəyişikliklərdir. Ümumiyyətlə, mövsümilik alimlər tərəfindən bir çox virus infeksiyaları üçün aşkar olunmuş bir xüsusiyyətdir”.

Sözünə davam edən həkim qeyd edib ki, virusların mövsümi xüsusiyyətləri müxtəlif xarakter daşıyır, onlara təsir edən amillərə qlobal ətraf mühiti, xüsusilə iqlim dəyişikliyini də aid etmək olar:

“Tədqiqatçılar tərəfindən aparılan araşdırmalar temperatur və rütubətin tənəffüs yolları infeksiyaları törədən virusların sabitliyinə və ötürülmə sürətinə təsirini göstərib. Meteoroloji və ya ətraf mühit şəraitinin insan orqanizminin infeksiyalara qarşı həssaslığına birbaşa təsiri bir çox tədqiqatlarda sübut edilib. İmmunitetin zəifləməsində soyuq havanın rolu da müzakirə mövzusudur. Elmi araşdırmalar soyuq və quru mühitin insan orqanizminə immunosupressiv təsir etdiyini və bununla da infeksiyalara yoluxma riskini artırdığını ortaya qoyub. Rütubət soyuqdəymələrin yayılmasına da təsir edə bilər. Çünki əksər virus infeksiyaları qış aylarında aşağı rütubətli şəraitdə inkişaf edir. Mövsümi temperatur dəyişikliklərinin burun və yuxarı tənəffüs yollarının selikli qişasının yerli immun reaksiyasına, mukosiliar klirensinə mənfi təsir etdiyi məlumdur. Həmçinin qışda Günəş şualanmasının azalması şəraitində tənəffüs yollarının xəstəliklərinə qarşı müqaviməti artıran, həm anadangəlmə, həm də adaptive immun cavabların əsas modulyatoru olan D vitamininin səviyyəsində azalma qeyd olunur. Buna görə də belə yoluxmaların sayını azaltmağa yönəldilən tədbirlər müasir dövrdə də öz aktuallığını saxlamaqdadır”.

“Mövsümi infeksiyaların qarşısını almaq üçün nə etməliyik” - sualını cavablandıran Ü.Hacıyeva bildirib ki, ilk növbədə valideynlər övladlarını vaxtında və düzgün peyvənd  etdirməlidirlər:

“Uşaqların qidalanmasının düzgün təmin edilməsi, bir yaşa qədər olan körpələrin ana südü ilə bəslənməsi faydalıdır. Belə ki, təbii qidalanan uşaqların mövsümi virusları tutma ehtimalı və xəstələndiyi halda ağırlaşmaların olması riski çox aşağıdır. Böyük yaşlı uşaqlar dəyərli, vitaminlərlə zəngin qidalar qəbul etməlidir. Bununla belə, bəzən təcrübədə rastlaşdığımız kimi, tropik meyvələrin ifrat dərəcədə qəbul edilməsi doğru deyil. Xüsusilə bu meyvələrə qarşı allergik reaksiyası olan uşaqlar tərəfindən. Soyuq aylarda hər hansı bir insanın mövsümi virusa yoluxma ehtimalı onun xəstə ilə təmasda olması ilə yanaşı, həm də soyuqlaması faktoru ilə bağlıdır. Bunun üçün valideynlər övladlarının geyiminə xüsusi diqqət etməlidirlər. Uşaqlar xəstələndiyi təqdirdə, mütləq izolə olunmalı, vaxtında həkimə müraciət edilməli, həkim göstərişi olmadan valideynlər heç bir dərman preparatından istifadə etməməlidir. Yəni özünümüalicə - həkimsiz antibiotiklər verilməsi faydasız və hətta ziyanlı ola bilər”.

Həkimin sözlərinə görə, uşaqlar bu infeksiyalara yoluxduğu və xəstələndiyi zaman ağırlaşmaların inkişaf etmə riskinin azalması üçün həkimlər tərəfindən vitamin və mikroelement defisitinin vaxtında aşkar edilib müalicə olunması məqsədəuyğundur. Valideynlər evdə ümumi gigiyenik qaydalara əməl etməli, tənəffüs yolu infeksiyası simptomları olan bütün şəxslərin tənəffüs və əl gigiyenasına, öskürək etiketinə riayət olunmalıdır”.

Xəbər lenti