Logo

III Orta Asiya Nobel Festivalının açılış mərasimi keçirilib

26.10.2021 17:28 61 baxış
IMG

Oktyabrın 26-da “Gələcək artıq bu gündür” adlı III Orta Asiya Nobel Festivalının onlayn formatda açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, “SABAH qrupları” layihəsinin tərəfdaşlığı ilə keçirilən onlayn elmi simpoziumunun əsas mövzusu yaşıl reallıq, təhsil və gələcəyin peşələri, innovasiyalar əsri və insanlar üçün iqtisadiyyat istiqamətlərinə həsr olunub.

Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov festivalın aparıcı alimlər, mütəxəssislər və Nobel mükafatı laureatları ilə əlaqələri gücləndirməyə kömək etdiyini, Mərkəzi Asiya ölkələrində təcrübə mübadiləsi aparmaq, elmi potensialın və innovasiyaların inkişafı üçün təkliflər vermək imkanı yaratdığını qeyd edib. Nazir müavininin sözlərinə görə, festival ali təhsil müəssisələrinin tələbələrinə, professor-müəllim heyətinə elm və texnologiyanın ən son nailiyyətləri haqqında əlavə məlumat almaq imkanı verəcək.

Təhsilin hər bir ölkənin gələcəyini və uğurlu inkişafını müəyyən etdiyini vurğulayan Firudin Qurbanov bildirib ki, bu baxımdan hər bir şagirdin yaradıcı inkişafı üçün şərait yaratmaq lazımdır. Bu kontekstdə Azərbaycanda təhsil sisteminin səmərəliliyinin artırılması istiqamətində islahatlar aparıldığına toxunan nazir müavini Təhsil Nazirliyi tərəfindən həyata keçirilən innovativ layihələr haqda iştirakçılara məlumat verib. Festivalın tərəfdaşı olan “SABAH qrupları” layihəsindən söz açan Firudin Qurbanov qeyd edib ki, layihə ali təhsil sistemində yeni unikal mühit yaratmaq üçün nəzərdə tutulmuş innovativ layihədir.

Festivalın alimlərlə geniş ictimaiyyət arasında dialoqun təkmilləşdirilməsinə öz töhfəsini verəcəyini deyən nazir müavini çıxışının sonunda festivalın işinə uğurlar arzulayıb.

Mərasim digər qonaqların çıxışları ilə davam etdirilib.

Bildirilib ki, III Orta Asiya Nobel Festivalında 40 mindən çox iştirakçının olacağı gözlənilir. Festivalın proqramına sadalanan istiqamətlər üzrə 25 mühazirə, müzakirələr və digər tədbirlər daxildir. Festivalın onlayn platformasında dörd Nobel mükafatı laureatı, iki sıçrayış mükafatı laureatı (“Elm Oskarları”), eləcə də bir sıra dünya səviyyəli ekspertlər çıxış edəcəklər.

Xəbər lenti