Logo

Çin uşaqların dərs yükünü azaldır

26.10.2021 14:45 354 baxış
IMG

“Ev tərbiyəsinə kömək haqqında” qanun qəbul edilib

Çin Ümumittifaq Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi şənbə günü uşaqların  tədris yükünün azaldılması məqsədi ilə “Ev tərbiyəsinə kömək haqqında”  qanunun qəbul edilməsinə səs verib. Bu barədə “Sinxua”  agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, qanunda yetkinlik yaşına çatmayan uşaqların valideynləri və ya digər qəyyumları ev tərbiyəsinə görə məsuliyyət daşıyırlar. Öz növbəsində dövlət, təhsil müəssisələri, cəmiyyət bu sahədə dəstək və müvafiq xidmətlər göstərir, tövsiyələr verir.

“Sinxua”nın yazdığına görə, şagirdlərin tədris yükünü azaltmaq istəyinə cavab olaraq, qanun yerli hakimiyyət orqanlarından ev tapşırıqlarının,  habelə sinifdənkənar məşğələlərin həcminin azaldılmasını tələb edir. Qanun valideynlərə və himayəçilərə yetkinlik yaşına çatmayan uşaqları tapşırıqlarla yükləməyə yasaq qoyur.

Bundan əlavə, onlar uşağın təhsili, istirahəti, idmanla məşğul olması üçün vaxtını lazımi dərəcədə təşkil etməli, onlarda onlayn asılılığın inkişafının qarşısını almaq üçün aktiv rol oynamalıdırlar.

“Sinxua” nın məlumatına görə, tədris yükü ilə ağırlaşan çinli şagirdlər tez-tez yuxu problemi yaşayır, miyopiyadan əziyyət çəkir, fiziki hazırlıqları zəif olur. Bu problemi həll etmək üçün iyul ayında təhsil müəssisələrini ev tapşırıqları siyasətinə yenidən baxmağa və sinifdə tədris prosesini yaxşılaşdırmağa çağıran bir sıra rəhbər prinsiplər dərc edilib. Qanun yanvarın 1-dən qüvvədə olacaq.   

Oruc MUSTAFAYEV

Xəbər lenti