Logo

"Peşə təhsili haqqında" qanuna təklif edilən dəyişikliklər bir sıra amillərlə şərtlənir”

26.10.2021 13:45 419 baxış
IMG

Bu günlərdə “Təhsil haqqında” qanuna müxtəlif dəyişiklər edilib. Bu dəyişiklərin əsas hissəsini isə peşə təhsili ilə bağlı məsələlər əhatə edir. Qanuna edilən dəyişikliyə əsasən, yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.

Peşə təhsili sisteminin quruluşuna da dəyişiklik edilib. Belə ki, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir. Əlavə edilən digər yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir. Eyni zamanda bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.

525.az xəbər verir ki, məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, sözügedən qanuna təklif olunan dəyişikliklərə əsasən, peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir. Bundan əlavə, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır. Digər vacib məsələ, bu səviyyə üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilməsidir. Bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır:

 “Ən başlıcası isə həmin qanunun müvafiq bəndinə və “Peşə təhsili haqqında” qanunun müvafiq maddəsinə əsasən, yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur. Belə bir dərəcənin verilməsi və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir. Belə ki, ali təhsil pillələri üzrə tədris Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış kredit sistemi ilə təşkil edilir ki, bu da təhsil pillələrində əldə edilmiş kreditlərin digər təhsil pilləsində tanınmasına imkan verir”.

N.İsrafilov  hesab edir ki, “Peşə təhsili haqqında” qanuna təklif edilən dəyişikliklər bir sıra amillərlə şərtlənir və bu təkliflərin reallaşması ilk növbədə peşə təhsilinin zamanın tələbinə çevrilməsi ilə əlaqədar olub, daha çox stimullaşdırıcı xarakter daşıyır. Digər tərəfdən peşə təhsilini bitirənlərin oxuduğu ixtisaslar üzrə ali məktəblərə qəbul olunması imtiyazları verilir ki, bu da onların digər subbakalavrlarla bərabər hüquqa malik olmasının təminatı deməkdir: 

“Ən başlıcası isə bunu ali təhsilin hamı üçün əlçatan olması kursunun reallaşdırılmasında yeni mərhələ kimi qiymətləndirmək olar. Ümid edək ki, dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququnun da verilməsi eyni zamanda kadr hazırlığının keyfiyyətinin daha da yaxşılaşıdırılmasına nəzərəçarpacaq təsirini göstərəcək”.

Xəbər lenti