Logo

“Təhsil avtobusu – Qayıdış” layihəsinin bağlanış mərasimi keçirilib

26.10.2021 13:26 54 baxış
IMG

Oktyabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi ilə keçirilən "Təhsil avtobusu – Qayıdış" layihəsinin bağlanış və dəstək olan qurumların mükafatlandırılması mərasimi baş tutub.

Tehsil.biz xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, “Regional İnkişaf” İctimai Birliyi, “Kapital Bank”ın rəsmi nümayəndələri, layihənin təşkilatçıları və tərəfdaş qurumların təmsilçiləri iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək “Azərbaycan üçün öyrət” təhsil proqramı üzrə artıq beşinci dəfə həyata keçirilən və Qarabağa qayıdışa həsr olunan layihənin Qarabağlı şagirdlərin şəxsi inkişafı, dünyagörüşünə müsbət təsir etdiyini qeyd edib və bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurğulayıb.

Daha sonra çıxış edən layihə rəhbəri Ülviyyə Axundova layihə barədə ətraflı məlumat verib və qeyd edib ki, layihə çərçivəsində “Təhsil avtobusu” 1500 km-dən çox məsafəni qət edərək işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər edilib və Qarabağın 53 məktəbindən olan 198 şagird layihəyə cəlb olunub. Səfər edilən bölgələr üzrə məktəblərdə təhsil alan, zəif və orta göstəriciyə malik VI-IX sinif şagirdlərinin cəlb edildiyi layihə çərçivəsində incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, vətənpərvərlik, şəxsi inkişaf istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. Layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

 “Təhsil avtobusu – Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İB, “Qarabağa dönüş” İctimai Birliyi, “Vitam” Reklam və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, “Spatrix”, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, “Bir” tələbə-könüllü proqramı, “Kids Inc.”, proqramı, SABAH qrupları, “Edumap” Təhsil portalının tərəfdaşlığı ilə keçirilir.

Xəbər lenti