Logo

BDU-nun “Erasmus+” mübadilə proqramında iştirak edən tələbəsi öz təəssüratlarını bölüşür

26.10.2021 12:31 49 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) bir çox tələbəsi dünyanın nüfuzlu universitetləri ilə ikili diplom, mübadilə proqramları və əməkdaşlıq müqaviləsi çərçivəsində təhsillərini xaricdə davam etdirir, təhsildə yeni uğurlar əldə edirlər. Tələbələr proqram çərçivəsində təhsil aldıqları universitet barədə fikirlərini bölüşürlər. Budəfəki müsahibimiz BDU-nun Tarix fakültəsinin tarix müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Sara Şükürovadır.

- “Erasmus+” mübadilə proqramına necə qoşuldunuz? İlkin mərhələdə Sivas Cümhuriyyət Universiteti ilə bağlı maraqlı məqamlar nələr idi?

- Universitetdə təhsil aldığım ilk illərdən etibarən “Erasmus+” mübadilə proqramı ilə maraqlanırdım və müraciət etməyi düşünürdüm. Buna görə də universitetin rəsmi səhifəsini, sosial media hesablarını izləyirdim. Pandemiya dövründə “Erasmus+” mübadilə proqramı haqqında ətraflı məlumat əldə etdim. Öncə müraciət etməkdə tərəddüd edirdim, çünki pandemiya idi və düşünürdüm onlayn şəkildə həyata keçiriləcək, amma gözləntimin əksinə oldu. Müraciətimə baxıldıqdan sonra müsahibə mərhələsinə dəvət olundum və müsbət nəticə aldığımla bağlı geri dönüş edildi. Onu da qeyd etmək istəyirəm ki, bu prosesdə iştirak edən bütün Universitet əməkdaşlarının hər biri məsələyə diqqət və qayğı ilə yanaşdılar.

- Sivas Universitetində təcrübə proqramı necə təşkil olunub? Bu müddətdə hansı təcrübələr əldə etdiniz?

- Mən, 75 günlük təcrübə proqramında iştirak haqqı qazanmışdım və Sivas Cümhuriyyət Universitetində Türk Dünyası Arşdırma Mərkəzində maraq dairəmdə olan mövzuyla bağlı araşdırma apardım. Bu müddət ərzində də universitetlə və oradakı təhsillə yaxından tanış oldum. Professor-müəllim heyətinin hər bir bu işdə köməklik göstərməyə çalışırdılar. Universitetdə tələbə-müəllim münasibəti çox yüksək səviyyədədir. Universitetin əsas tədris prinsipi təhsilin praktik əsaslarla aparmasıdır. Dərslər mühazirə yönümlüdür, seminarlar olmur və sonda tələbə imtahanlarla qiymətləndirilir.

-Türkiyədə azərbaycanlı tələbə olduğunuzu biləndə necə münasibət göstərirdilər?

- Ümumilikdə deyə bilərəm ki, türklər çox yardımsevər, qonaqpərvər və gülərüz millətdir. Ölkədəki turistlərə çox nəzakətli davranırlar. Azərbaycanlı olduğumu biləndə isə daha çox sevinirdilər və doğma bir insan kimi davranırdılar. Dostlarımın bir çoxu Azərbaycanı çox sevdiyini və bir gün ölkəmizə mütləq gəlmək istədiklərini bildirirdi.

- “Erasmus” mübadilə proqramı yeni insanlar tanımaq və yeni dünya kəşf etmək üçün əvəzolunmaz imkandır. Bu imkanı necə dəyərləndirdiniz?

- Həqiqətən də, mübadilə proqramı dünyanı, özünü, istəklərini və s. kəşf etmək üçün çox böyük fürsətdir. Türkiyədə olduğum müddət ərzində bir neçə şəhərini görmə imkanım oldu. Hər şəhərə getdikcə fərqli insanlara, mədəniyyətə qarışırsan və bu da insanın dünyagörüşünü artırır. Türkiyənin qədim və zəngin tarixi ilə tanışlıq şansım oldu. Möhtəşəm abidələr, muzeylər, böyük şəhərlər insanı valeh edir. Bu proqram sayəsində neçə gözəl dost qazandım, hazırda münasibətimiz davam edir. Mənə görə, hər bir tələbə ən azı bir dəfə belə bir təcrübədə iştirak etməlidir. Bizə bu şəraiti yaratdıqları üçün Universitetimizə dərin təşəkkürlərimi bildirirəm.

 

Müsahibəni hazırladı:

Nərminə Əsədova

Xəbər lenti