Logo

Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş görüş-konsert keçirilib

25.10.2021 18:38 641 baxış
IMG

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət İdarəçilik Akademiyasının  (DİA) professor, müəllim və tələbə heyəti ilə görüş-konsert keçirilib.

Konsertin dirijorları Azərbaycanın xalq artisti Yalçın Adıgözəlzadə və əməkdar artist Fuad İbrahimov olub.

Azərbaycanın xalq artisti, professor Zəhra Quliyeva DİA-nın professor, müəllim və tələbə heyətini salamlayıb, 100 illik şanlı yubileyini qeyd edən Bakı Musiqi Akademiyasının yaranma tarixi, inkişaf yolu, habelə, bu müqəddəs ocağın yetişdirdiyi  istedadlı musiqiçilər haqqında məlumat verib.

Konsert proqramı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertura” ilə başlayıb.

Bundan sonra vokalçı S.Nəsibli Niyazinin “Arzu” əsərini,  Azərbaycanın əməkdar artisti Aleksey Miltıx görkəmli rus bəstəkarı S. Raxmaninovun “Vocalise” əsərini səsləndirib.

Daha sonra dinləyicilərə Azərbaycanın xalq artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında fransız bəstəkarı F. Pulenkin iki fortepiano və simfonik orkestr üçün konserti, əməkdar artist, Bakı Musiqi Akademiyasının baş müəllimi İlham Nəzərovun ifasında G. Hendelin “Rinaldo” operasından ariya, S.Nəsirli və İ. Nəzərovun ifasında Azərbaycanın Xalq artisti F.Bədəlbəylinin “Ave Maria” əsəri təqdim olunub.

Konsert proqramının davamında Azərbaycanın xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə görkəmli rus bəstəkarı Sergey Raxmaninovun iki fortepiano və orkestr üçün süita əsərini səsləndirib.   

Musiqi Akademiyasının 100 illik yubiley tədbirləri çərçivəsində DİA-nın professor, müəllim və tələbə heyəti ilə görüş-konsert əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərinin ifası ilə başa çatıb.

Qeyd edək ki, Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində Azərbaycan, o cümlədən, xarici ölkə universitetləri ilə tez-tez görüş-konsertlər keçirilir.

Xəbər lenti