Logo

BDU-da “Zəfər yolu” adlı dəyirmi masa keçirilib

25.10.2021 18:19 889 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) YAP Zahid Xəlilov, 23 (BDU) ilk ərazi təşkilatı ilə birgə Vətən müharibəsində qələbənin ildönümünə həsr olunmuş  “Zəfər yolu” adlı dəyirmi masa keçirilib.

Tehsil.biz bildirir ki, dəyirmi masanın moderatoru, BDU-nun Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər haqqında danışıb. Şanlı qələbənin qazanılmasında müasir Azərbaycan gəncliyinin əvəzsiz rolu olduğu xüsusi vurğulanıb.

Daha sonra çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi olduğunu qeyd edərək, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində əldə olunmuş Qələbənin ədalətin təntənəsi olduğunu bildirib. O, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının öz rəhbərinin və ordusunun yanında olması, bir yumruq kimi birləşməsinin Qələbəni təmin edən əsas amil olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Vüqar İsgəndərov bildirib ki,  bir il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə aparıb, böyük tarixi nailiyyətlərə imza atıb. Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.

Daha sonra çıxış edən BDU-nun professoru, YAP Zahid Xəlilov, 23 (BDU ilk ərazi təşkilatının sədri Zahid Cəfərov qazandığımız Zəfərdə beynəlxalq mövqelərimizi möhkəmləndirən ikitərəfli əlaqələrin əhəmiyyətini vurğulayaraq, qeyd edib ki, əldə etdiyimiz tarixi Qələbə sayəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi.  Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayış etdirmiş oldu.

YAP Zahid Xəlilov, 23 (BDU) ilk ərazi təşkilatının sədr müavini, BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Etibar Əhmədov, Vətən müharibəsi qazisi, BDU-nun Coğrafiya fakültəsinin tələbəsi Turqut Səmədbəyli və Filologiya fakültəsinin tələbəsi Günel Əliyeva çıxışlarında Azərbaycan gəncliyinin tarixi qələbənin qazanılmasında fədakarlığına toxunaraq, qeyd ediblər ki, tarixi qələbəmizin əldə edilməsində əsas yükü, əsas vəzifəni məhz Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 18 il ərzində yetişən gənc nəsil yerinə yetirdi. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə alması bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.

Çıxışlarda həmçinin qeyd olunub ki, ölkə başçısının işğaldan azad olunmuş ərazilərə hər səfəri bu ərazilərin sosial-iqtisadi bərpasını sürətləndirir və ordumuzun əzmkarlığını daha da artırır.

Dəyirmi masa Prezidentin Zəngilan rayonuna səfərini əks etdirən görüntülərin nümayişi ilə başa çatıb.

Xəbər lenti