Logo

Qalib ölkənin qalib müəllimi

25.10.2021 12:03 386 baxış
IMG

Vətən müharibəsi iştirakçısı olan müəllim Elvin Səlimovun bioqrafiyasını təqdim edirik.

Vətən müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Elvin Zahid oğlu Səlimov 1991-ci il mayın 23-də anadan olub.
2009-cu ildə Bakı şəhəri 202 nömrəli tam orta məktəbi bitirib. Elə həmin ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub. 2017-2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində İnformatika müəllimliyi ixtisası üzrə ikinci təhsil alıb.

Müəllimlərin İşə Qəbul Müsabiqəsində iştirak edərək İnformatika fənni üzrə respublika birincisi olan E.Səlimov 2018-ci ildən Bakı şəhəri 27 nömrəli tam orta məktəbdə  informatika müəllimi vəzifəsində çalışır.

2019-cu ildən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Bakı şəhəri üzrə koordinatorudur. 2020-ci ilin sentyabrından “Rəqəmsal bacarıqlar” layihəsində təlimçi, teledərs layihəsində isə informatika müəllimi kimi fəaliyyət göstərir.

Vətən müharibəsi başlayan kimi cəbhəyə yollanan gənc müəllim Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.

2021-ci ilin mayında Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsi tərəfindən “Gənc nəslin yetişməsində göstərdikləri xidmətlərə görə” Fəxri Fərmanına layiq görülüb. Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə  keçirilən “İlin gənc müəllimi -2021” müsabiqəsində ilk onluqda yer alıb.

Qalib ölkənin qalib müəllimi olmaqdan böyük qürur duyduğunu söyləyən E.Səlimov hər zaman öz əməli fəaliyyəti ilə şagirdlərinə nümunə olacağını bildirir.
 

Xəbər lenti