Logo

“2500 uşağın COVID-ə yolxması qorxulu hal deyil” - Ekspert

25.10.2021 11:40 230 baxış
IMG

Paytaxtla yanaşı, bölgələrdəki orta məktəblərdə də koronavirusa yoluxma sayı artıb. Bu səbəbdən daha 3 məktəb fəaliyyətini dayandırıb. Eyni zamanda, yoluxma sayının yüksəlməsi valideynlərdə bir qədər təşviş yaradır. Onlar israrlı şəkildə qapanma tələb edirlər. Bununla bağlı müzakirələr demək olar ki, hələ də davam edir.

Təhsil eksperti Elşən Qafarov Yenisabah.az-a açıqlamasında deyib ki, oktyabr-noyabr aylarında yoluxma sürətinin artması gözlənilən idi:

“Orta hesabla Azərbaycanda təqribən 2500 uşaq arasında yoluxma var. Ümumi yayım miqyasını götürsək, 1.600.000 şagird üçün bu elə də böyük rəqəm deyil. Valideynlər məktəblərin bağlanmasını tələb edirlər. Lakin bu məsələdə qərarverici fərdlər deyil, hökümətin müvafiq orqanlarıdır. Təbii ki, istənilən bir vətəndaşın sağlamlığı dövlət və hökümət orqanları üçün də önəmlidir. Amma hələ ki proses idarə olunan vəziyyətdədir”.

Ekspertin sözlərinə görə, noyabr ayının ortalarında yoluxma sayında eniş olacaq:

“Düşünürəm ki, noyabrın 15-20-dən sonra artıq yoluxma sayı enişə doğru gedəcək. Valideynlər tələb olunan qaydaları istər evdə, istərsə də uşağı məktəbə gətirərkən gözləməlidirlər. İndi valideynlərin üzərinə kifayət qədər ciddi məsuliyyət düşür. Ailədə yoluxma halı varsa, valideynlər dərhal xəbər verməli, şagirdi məktəbə göndərməməli, vəziyyət sinif rəhbərliyinə bildirilməldir”.

Elşən Qafarov qeyd edib ki, hazırda məktəblərin bağlanması üçün heç bir əsas yoxdur:

“Payızda heç COVID-19 olmadan belə qripə yoluxma xarakterik olub. Bu prosesə kifayət qədər soyuqqanlı yanaşmaq lazımdır. Məktəblərin bağlanması üçün əsas yoxdur. Hansı siniflərdə yoluxan şagird varsa, onunla bağlı tədbir görülür. Həmin sinif və ya məktəb 14 gün müddətində karantinə qapanır, onlayn tədris davam etdirilir”.

Xəbər lenti