Logo

Kitab oxuyursansa...

25.10.2021 02:11 118 baxış
IMG

Cəmiyyətdə sosial mühitin yaranmasında, qarşılıqlı anlaşmanın formalaşmasında kitab böyük məktəbdir. Kitab bügünün, sabahın mədəniyyət göstəricisidir, zamanın açarıdır. İnsanın kamil bir vətəndaş kimi yetişməsində, onun fikirlərinin, düşüncə tərzinin genişlənməsində kitabı bir müəllim kimi də dəyərləndirmək olar. O, təsir obyekti olaraq azad, yaradıcı insan təfəkkürünü formalaşdırır, insanı özünüifadə azadlığı uğrunda mübarizəyə cəlb edir.

Bir kitabın məhv olması  cəmiyyətin məhvi kimi qiymətləndirilir. Bu əsnada 17-ci əsrdə İngiltərənin şairi, publisisti olan Con Miltonun fikirləri yada düşür. Senzorları “kitab qatilləri” adlandıran C.Milton öz nitqində deyirdi: “Yaxşı kitabı öldürmək yaxşı adamı öldürmək kimi bir şeydir, insanı öldürən kəs Tanrı mislində olan şüurlu canlını öldürmüş olur; yaxşı kitabı məhv edən şəxs isə Tanrının doğruçu, həqiqi mislində olan zəkanın özünü öldürmüş olur”.

Ta qədimdən bu günə kimi kitaba maraq artmaqdadır. Texnologiyanın sürətli tərəqqisi, rəqəmsallaşmanın güclənməsi kitablara olan sevgini azaltmır, əksinə dövrün əvvəlki illərinə nisbətən daha da artırmaqdadır. Müasir dövrdə kitab təbliğatı, mütaliəyə cəlb olunma üsulu genişlənir. İnformasiya əldə etmə imkanlarının artmasına baxmayaraq, kitaba olan tələbat günü-gündən çoxalır. Satış obyektlərinin artımı, müxtəlif qurumların, təşkilatların keçirdikləri kitab sərgiləri bu yöndə atılan təqdirəlayiq addımlardandır.

Bildiyimiz kimi, cənab Prezident İlham Əliyevin sərəncamına əsasən bu il    ölkəmizdə “Nizami İli” elan olunub və xüsusilə bu ildə bir neçə kitab sərgilərinin təşkili N.Gəncəvinin şəxsiyyətinə olan ehtiramı təbliğ edir. Onun ərsəyə gətirdiyi əsərlər bilavasitə təhsilə, elmə, kitaba, dünyagörüşə köklənir. O, kitab oxumağın faydalarını öz əsərlərində dəfələrlə nümayiş etdirmişdir:

“Dünyada nə qədər kitab var belə                    Çalışıb əlləşib gətirdim ələ                            Oxudum, oxudum, sonra da vardım                        Hər gizli xəzinədən bir dürr çıxardım”.

Bu ilin Nizami Gəncəvi ili adlandırılması, elm, bilik, yaradıcı dərnəklərinin artması, eyni zamanda kitab sərgilərinin nümayişi təsadüfi deyil. Bu, elmə, təhsilə, mütaliəyə olan marağı gücləndirməyə, kitab satışını təmin etməyə yönəlib. Bu yaxınlarda, yəni 6-10 oktyabr tarixlərində N.Gəncəvinin 880 illik yubileyinə həsr olunan 7-ci Beynəlxalq Kitab Sərgi Yarmarkasının keçirilməsi bu istiqamətdə atılan addım kimi dəyərləndirilir. Sərgidə insan axınıın çox olması diqqəti çəkirdi. Tanınmış xarici və eləcə də yerli qonaqların, yazarların iştirakı sərginin keyfiyyətindən, eyni zamanda kitaba olan tələbatdan xəbər verirdi. Bu növ sərgilərin keçirilməsi kitabsevərlərin daha müxtəlif üslublu kitablarla tanış olmasına şərait yaradır. Eyni zamanda dünyanın nüfuzlu yazarlarının əsərləri nümayiş olunur və oxucular tərəfindən tanınır. Belə sərgilərdə yazıçı, şairlərlə görüşlər təşkil olunur və oxucuların onlarla görüşmə imkanı olur. Xüsusilə yazarların kitablarını özlərinin təqdim etməsi sərgi iştirakçıları üçün, həmçinin, bu görüş yazarların oxucuları üçün çox əhəmiyyətli və sevindirici haldır. Bu tədbirlərin sayəsində kitaba, mütaliəyə təbliğatı genişləndirmə imkanı yaranır. Potensial əməkdaşlıq üçün kitab mağazaları ilə, yerli və xarici nəşriyyatların çap məhsulları ilə tanış olunur. Bu tip dərnəklərin keçirilməsi ölkəmizin beynəlxalq sferada tanınmasını təmin edir. Həm bizim yazarların, həm də xarici nəşriyyatların qarşılıqlı münasibət formaları yaranır. Bütün bunların keçirilməsində məqsəd insanı düzgün yola istiqamətləndirmək, düşüncə tərzinin genişləndirmək üçün onları mütaliəyə cəlb etmək, onlara yeni həyat, yeni nəfəs bəxş etmək, mənəvi hüzura qovuşmasını təmin etmək, qəliblərdən, dar düşüncə təfəkküründən yaxa qurtarmaqdır.

Hər bir millətin oyanışı, tərəqqisi onun mədəniyyətinin, təhsilinin inkişafındadır. Bunun başında dayanan ünsürlərdən birincisi cəmiyyətdə kitab təbliğini genişləndirmək, kitabsevərlərin sayını artırmaqdır. Bir vətəndaş olaraq hər birimiz bu istiqamətdə addım atmalı və ilk olaraq özümüzdə bu vərdişi yaratmalıyıq.

Tünzalə QULİYEVA

Xəbər lenti