Logo

Şagirdlər virusa harada yoluxur? Məktəbdə, yoxsa... - EKSPERT ŞƏRH EDİR

23.10.2021 10:53 1249 baxış
IMG

"Şagird və ya müəllimlərin virusa harada yoluxması ilə bağlı qəti fikir bildirmək mümkün deyil, çünki onlar ictimai nəqliyyatda da, təhsil müəssisələrində də yoluxa bilərlər".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

Ekspert deyir ki, uşaqlar da getdikləri əyləncə mərkəzlərində və ya başqa yerlərdə də koronavirus infeksiyasının qurbanı ola bilərlər:

"Nəzərə alsaq ki, yoluxma halları daha çox qapalı yerlərdə baş verir, bu zaman virusun təhsil müəssisələrindən də yan keçməyəcəyini bilməliyik. Lakin yenə də hər kəs təhsil aldığı yerdə yoluxur deyə bilmərik. Bilirsiniz ki, artıq yaşı 12-dən yuxarı olan hər kəs üçün vaksinasiyadan keçmək müəyyən olunub. İlkin olaraq bu məqama diqqət yetirmək lazımdır ki, hər kəs vaksinasiyaya cəlb edilsin. Digər tərəfdən sosial məsafənin qorunması, tibbi maskalardan düzgün istifadə edilməsi və gigiyenik qaydalara ciddi əməl olunması yoluxma hallarının qarşısını almaq üçün görülən ciddi tədbirlərdəndir. Bu qaydalara əməl olunmadığı təqdirdə yoluxma sayı yenidən qalxacaq və buna qarşı da daha sərt addımlar atılacaq".

Elçin Əfəndi bildirir ki, heç bir halda yoluxma zamanı tək təhsil müəssisələrini günahlandırmaq doğru deyil:

"İstər şagirdlərin, istərsə də müəllimlərin təhsil müəssisələrində və ya başqa yerdə yoluxmasını bilmək, ümumiyyətlə yoluxmanın qarşısını almaq üçün yaxşı olardı ki, hər bir təhsil müəssisəsinin özünün servis xidməti olsun. Düzdür, bəzi özəl təhsil ocaqlarında bu xidmət var, ancaq bu, çox az saydadır. Şagirdlər, onların valideynləri, həmçinin təhsil işçiləri alış-veriş zamanı, istirahət zamanı və yaxud ictimai məkanlarda xəstəliyə tutulursa, bu, həmin şəxsin məktəb və ya universitetin daxilində infeksiyaya qapılması demək deyil. Bunun üçün də məkanından asılı olmayaraq hər bir kəs özünü qorumalı, tətbiq edilmiş qaydalara məsuliyyətli davranaraq ciddi əməl etməlidir".

Fəqan Əzimli

Xəbər lenti