Logo

“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində Pedaqoji Universitetdə tələbələrlə görüş keçirilib

19.10.2021 17:35 86 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı, ADPU-nun tərəfdaşlığı ilə oktyabrın 19-da “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilmişdir. 
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunmuş görüşdə dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla dərin hörmət və ehtiram hissi ilə yad edilmişdir. Tədbir universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, ATGTİ-nin sədri Pərviz Mirələmli və “Böyük Qayıdış” İB-nin nümayəndəsi Elşən Qəhrəmanovun çıxışları ilə davam etmişdir. Çıxış edənlər Vətən müharibəsinin birinci ildönümünü yaşadığımız günlərdə belə tədbirlərin keçirilməsinin böyük önəm daşıdığına diqqəti çəkərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bizə bu Zəfəri yaşatmış Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və gənc nəslin onlardan nümunə götürməsinin vacibliyini xüsusi vurğulamışlar. 
 
Tələbələr və gənclər arasında qəhrəman qazi və hərbçilərimizin tanıdılması məqsədilə həyata keçirilən layihə çərçivəsində təşkil olunmuş görüşdə Vətən müharibəsindəki zəfər salnaməsinin əks olunduğu videoçarx nümayiş etdirilmişdir.
 
Daha sonra “Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə qazanılmış zəfər salnaməmizdən bəhs etmişdir. 

Tədbirin qonağı olan Vətən müharibəsi qaziləri –Nəcəf Rəcəbov, Əmrah Əliyev və Pərvin İmanov çıxışları zamanı Vətən müharibəsi ilə bağlı təəssürat və xatirələrini tələbələrlə bölüşmüş, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə fəxr etdiklərini bildirmiş, vətənpərvər və mərd gənc nəslin yetişdirilməsində müəllimlərin rolunu qeyd edərək, bu kontekstdə Pedaqoji Universitet kollektivinə minnətdarlıqlarını ifadə etmişlər. 
 
Çıxışların ardınca qonaq qazilərin tələbələrlə sual-cavab sessiyası baş tutmuşdur. Qəhrəmanlarımız tələbələrin suallarına səmimi, bir o qədər də təsirli cavablar verərək uğurlarının ən başlıca səbəbi olaraq xalqın və xüsusilə də gənclərin dəmir yumruq kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsini vurğulamışlar 
 
Son olaraq universitetin tələbələri adından ADPU Kimya və biologiya fakültəsinin fəal tələbəsi Fidan Şeydayeva və ADPU Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Nəsirov çıxış edərək qazilərimizə təşəkkür edib, gənc müəllimlərin bundan sonra şagirdlərə Zəfər tariximizi və bu tarixi yaradan qəhrəmanlarımızı, sarsılmaz “Dəmir Yumruq”u öyrədəcəklərini bildirmişlər. 
 
Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi əsasda davam etməkdədir.

Xəbər lenti