Logo

Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən şəxslər üçün təlimlərə start verilib

19.10.2021 13:35 105 baxış
IMG

ARTİ ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün təlimlərə start verib.

Tehsil.biz xəbər verir ki,bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi, peşə etikasıdır.

16 oktyabr tarixində başlayan və 4 həftə davam edəcək layihədə təlimçi kimi Leyla Sultanlı, Qoşqar Məhərrəmov və Rza Məmmədov çıxış ediblər. Təlimçilər sillabusun yaradılması, pedaqoji fəaliyyət anlayışı, ali təhsil pedaqogikası, təhsil haqqında qanunun əlaqədar bəndləri, ali təhsilin hüquqi-normativ çərçivəsi mövzularında çıxış ediblər.

Leyla Sultanlı bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistratura təhsilini isə Türkiyənin Hacettepe Universitetində alıb. Hal-hazırda İstanbul Universitetinin “Menecment” ixtisası üzrə doktorantıdır. O, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və işlətmə kafedrasının müəllimidir, Türk Dünyası İqtisad Fakültəsində pedaqoji fəaliyyət göstərir. KOBİA-da və bir sıra yerli şirkətlərdə təlimlər keçib. Həmçinin, “Menecmentin əsasları” dərs vəsaitinin həmmüəllifidir.

Qoşqar Məhərrəmov Bakalavr təhsilini Türkiyənin Orta Doğu Texniki Universitetində Biologiya ixtisası üzrə tamamladıqdan sonra Təhsilin idarə olunması üzrə Eskişehir Osmangazi Universitetində magistratura və doktorantura təhsili alıb. O, Ankara Universitetində Təhsilin fəlsəfəsi üzrə ikinci dəfə magistratura dərslərini tamamlayıb. Azərbaycanda müxtəlif ali və orta təhsil müəssisələrində tədrislə və tədqiqatla məşğul olub. Hazırda Bakı Ali Neft Məktəbinin və Azərbaycan Britaniya Kollecinin müəllimi, T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tədqiqat və inkişaf üzrə baş mütəxəssisi vəzifəsində çalışır. O, həmçinin, Təhsil İdarəçiləri Assosiasiyasını təsis edib, yerli və xarici jurnallarda elmi məqalələrin müəllifi olub.

Rza Məmmədov Anadolu Universitetində İqtisadiyyat üzrə bakalavr təhsil alıb. Daha sonra Naxçıvan Dövlət Universitetində Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsilini, Eskişehir Osmangazi Universitetində Təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı üzrə doktorantura təhsilini bitirib. Bir çox beynəlxalq jurnallarda məqalələri yer alıb. Hal-hazırda Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir.

Xəbər lenti