Logo

Botanika İnstitutuna yeni direktor əvəzi təyin edilib

19.10.2021 13:01 51 baxış
IMG

AMEA-nın Botanika İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında AMEA prezidentinin sərəncamı ilə institutun direktoru vəzifəsini icra edən təyin edilmiş, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva kollektivə təqdim olunub.

İnstitutdan "Report"a verilən məlumata görə, tədbiri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq bildirib ki, 85 ildən artıq fəaliyyət göstərən Botanika İnstitutu Akademiyanın qabaqcıl müəssisələrindən biri olaraq elmi nailiyyətləri ilə hər zaman seçilib,botanika elminin inkişafında və elmi kadrların yetişdirilməsində böyük rol oynayıb.

O qeyd edib ki, ötən illər ərzində əsaslı inkişaf yolu keçən Botanika İnstitutunun fəaliyyəti bundan sonra da professor S.İbadullayevanın rəhbərliyi altında uğurla davam etdiriləcək.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvu Novruz Quliyev S.İbadullayevanın ictimai, elmi və pedaqoji fəaliyyətindən, iş təcrübəsindən bəhs edib. Onun rəhbər kimi fəaliyyətinin İnstituta uğurlar gətirəcəyinə əminliyini ifadə edib.

İnstitutun əməkdaşları AMEA-nın müxbir üzvü Xəlil Qasımov, professor, Eldar Novruzov, Naibə Mehdiyeva, Rəşad Səlimov çıxış edərək yeni təyinat münasibətilə S.İbadullayevanı təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıblar.

Sonda çıxış edən İnstitutun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva kollektivi salamlayaraq ona göstərilən etimada görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirib, institutun rəhbəri kimi qarşısında duran vəzifələrin yerinə yetirilməsində var qüvvəsi ilə çalışacağını vurğulayıb.

Xəbər lenti