Logo

Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə

19.10.2021 11:12 267 baxış
IMG

Professor Hamlet İsaxanlı (İsayev) Gürcüstan Respublikası Elmlər Akademiyasının həqiqi (xarici) üzvü seçilmişdir!

Hamlet İsaxanlı Gürsüstanda, Qardabani rayonunun Kosalı kəndində anadan olmuş, həmin məktəbi qızıl medalla, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Azərbaycan Elmlər Akademiyası Mexanika-Riyaziyyat İnstitutunun və Lomonosov Moskva Dövlət Universitetinin aspiranturasında oxumuş, Sovet İttifaqı Elmlər Akademiyasının Steklov İnstitutunda dissertasiya müdafiə edib, elmlər doktoru dərəcəsinə layiq görülmüşdür.

Hələ Sovet dövründə Kanada, Almaniya Federativ Respublikası, Böyük Britaniya kimi ölkələrə dəvət olunmuş, Operatorların Spektral Nəzəriyyəsi və Çoxparametrli Spektral Operatorlar üzrə mühazirələr oxumuş, beynəlxalq konfranslarda iştirak etmişdir.

Rus-Sovet riyaziyyat məktəbini təmsil edən “Luzin ağacı”nın (Древо Лузина) “Qelfand budağı”nda Azərbaycandan tək riyaziyyatçısı - Hamlet İsayevin adı həkk olunmuşdur.

Hamlet İsaxanlı 1990-1991-ci illərdə Azərbaycanın ilk özəl ali məktəbini-Xəzər Universitetini təsis etmiş və qurmuş, Xəzər Universiteti nəzdində “Dünya” məktəb kompleksinin həmtəsisçisi olmuş, ABŞ, Türkiyə və Azərbaycanlı beş görkəmli elm və sənət adamı ilə birlikdə Avrasiya Akademiyasını yaratmışdır.

Hamlet İsaxanlı çox geniş yaradıcı fəaliyyəti ilə tanınmışdır. Onun yaradıcılığında humanitar və social elmlər üzrə tədqiqatlar böyük yer tutur.

Riyaziyyat və Riyazi fizikaya aid əsərləri Hamlet İsayev, digər sahələrdə əsərləri isə Hamlet İsaxanlı imzası ilə yazılmışdır.

O, elm və mədəniyyət tarixi, dil və ədəbiyyat, leksikoqrafiya və tərcümə, fəlsəfə tarixi və tarix fəlsəfəsi, təhsil tarixi və fəlsəfəsi üzrə çoxsaylı məqalə və kitabların müəllifidir.

Hamlet İsaxanlı bədii yaradıcılıq sahəsində şair, yazıçı və libretto müəllifi kimi geniş tanınmış, Azərbaycan və Rusiya bəstəkarları onun əsərləri üzrə populylar mahnılar, balet və musiqili tamaşalar yazmışlar.

London Wiley nəşriyyatında işıq üzü görən “The Polymath” kitabında (Waqas Ahmed) Hamlet İsaxanlı dünya polimatları (çox sahədə yaradıcı fəaliyyət göstərən ensiklopedik bilik sahibləri) sırasında yer almışdır.

Hamlet İsaxanlı əsərlərini rusca, ingiliscə, Azərbaycan və Türkiyə türkcəsində yazmış, məqalə və kitabları müxtəlif dillərə tərcümə olunmuş, müxtəlif ölkələrdə dərc olunmuşdur.

Gürcüstan Elmlər Akademiyası Hamlet İsaxanlı yaradıcılığını öyrənmiş, onun üç sahə - riyaziyyat, elm-mədəniyyət tarixi və dil-ədəbiyyat üzrə böyük uğurlara imza atdığını yəqin etmiş, Hamlet İsaxanlının özü ilə məsləhətləşmə nəticəsində onu riyaziyyat üzrə akademiyanın həqiqi (xarici) üzvü seçmişdir.

Akademiyanın prezidenti Qiorqi Kvesitadze Hamlet İsaxanlını Akademik adı alması, Musxelişvili, Vekua kimi şöhrətli Gürcüstan riyaziyyatçılarının təmsil olunduğu Gürcüstan Elmlər Akademiyasına seçilməsi münasibətilə təbrik etmişdir.

Xəbər lenti