Logo

ADU-da “Müstəqilliyin 30 ili: uğurlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

19.10.2021 09:44 57 baxış
IMG

Oktyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) “Müstəqilliyin 30 ili: uğurlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan bildirilib ki, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətləri barədə geniş məlumat verib. O deyib: “Qarabağ zəfəri ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik qərarlarının nəticəsi, 17 illik hakimiyyəti dövründəki mübarizənin bəhrəsi idi”.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində ADU-nun 3 məzunu şəhid olub. “Onlardan biri - fakültəmizin məzunu olan şəhid Elvin Bayramova ehtiram olaraq yaxın zamanda universitetdə onun adını daşıyan auditoriya yaradılacaq”, - deyə dekan İbrahim Kazımbəyli bildirib.

Dəyirmi masada Qafqaz və Azərbaycan tarixi kafedrasının müdiri dosent Qorxmaz Mustafayevin “Müstəqilliyin bərpası uğrunda mübarizənin sonuncu mərhələsi (1991-ci il)”, Beynəlxalq münasibətlər kafedrasının dosenti Mehriban Babaxanovanın “Müstəqilliyin bərpası hüquqi aspektdə”, kafedranın müəllimi Aysel Bağırovanın “Azərbaycanın müstəqilliyi və enerji siyasəti” mövzusunda çıxışları dinlənilib.

Xəbər lenti